Ermənistanda “müxalif avanqard” boşluğu: Paşinyan cəmiyyəti necə “oyadacaq”? - TƏHLİL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın siyasi həyatında müxalifət qıtlığı özünü daha qabarıq formada göstərməkdədir. Bu da səbəbsiz deyil – müxalifətin ideyası tükənib. Onilliklər boyu Qarabağ məsələsi ilə Ermənistanda siyasi, ictimai proseslərə təsir göstərilib. Ölkədə hakimiyyət də məhz vurğulanan məsələ əsasında müəyyən olunub. Eyni zamanda, cəmiyyətin diqqəti başqa problemlərdən yayındırılaraq daha çox bu istiqamətə yönəldilib.

“Qarabağ məsələsi” deyilən faktor artıq mövcud deyil. Bu isə Ermənistan cəmiyyətində ciddi çaşqınlıq yaradıb. Ölkə ictimaiyyəti 100 ildən artıq bu saxta ideyaya görə hüdudsuz xəyal qurub, ideya formalaşdırıb. o düşüncələrlə yaşayıb.

Ermənistanda son altı ildə baş verən dəyişiklik onlara yeni yanaşmanı - Azərbaycan və Türkiyəyə qarşı düşmənlikdən əl çəkməyi təbliğ edir. Aydındır ki, bu qonşularla vəziyyətin gərgin saxlanılmasından bir qayda olaraq ən çox erməni etnik qrupu əziyyət çəkir. Həmçinin regiondakı böhranlı vəziyyət, münaqişələr Ermənistan dövlətçiliyi üçün təhlükə mənbəyidir. Belə şərait dövlət quruculuğu prosesini də əngəlləyir.

Bir vaxtlar Qarabağ “kart”ından istifadə edənlər Ermənistanda yenə müxalifət qismində meydana çıxıblar. Onlar Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsinə başlanandan aramsız etiraz aksiyası keçirirlər.

Ermənistanın müxtəlif regionlarında Tavuş rayonunun sakinlərini müdafiə etmək adı altında 11 gündür etiraz aksiyaları təşkil olunur. Aksiyada səsləndirilən şüarlar da çox qəribə və öz aləmlərində guya ironikdir. Etirazçılar baş nazir Nikol Paşinyan hökumətinə acıq verirlərmiş kimi belə şüarlar yazıblar: “Hamısını verək, dinc yaşayaq!”, “Sus, qoy, hamısını versin!”, “Bu təkcə Tavuşun deyil, bütövlükdə erməniliyin və Ermənistanın problemidir!” və sair.

Şüarlardan da göründüyü kimi müxalifət yenidən qaldırdığı etiraz dalğasını əsaslandıra bilmir, yaxud bunda çətinlik çəkir. Hətta Nikol Paşinyana qarşı çıxan keçmiş iqtidar təmsilçilərini bu aksiyada onların övladları əvəzləyir. Məsələn, Ermənistanın 15 hərbçisinin yanaraq ölməsinə görə tutduğu vəzifədən qovulan və məsuliyyətə cəlb olunan polkovnik Miqtan Maxsudyanın oğlu Vaaqn Maxsudyan da həmin aksiyada fəal iştirak edib. Etirazçılar arasında keçmiş prezidentlər Serj Sarqsyan və Robert Koçaryanın başçılıq etdiyi partiyaların nümayəndələri də var.

30 il öncə işğal olunan kəndlərin Azərbaycana qaytarılması iki ölkə arasında münasibətlərin normallaşmasına müsbət təkan verir. Maraqlıdır, bu halda müxalifət adlanan kəsim niyə müsbət yöndə irəliləyən prosesə qarşı çıxır? Səbəb özlüyündə aydındır. Əvvəla, Azərbaycanın həmin torpaqları Ermənistandakı keçmiş iqtidarların dövründə işğal olunub, oraya qanunsuz olaraq ermənilər köçürülüb. Ona görə də sabiqlər o zaman törətdikləri cinayətləri ört-basdır etmək üçün sərhədlərin müəyyənləşdirilməsinə guya etiraz edirmişlər kimi davranırlar.

Yeri gəlmişkən, Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Robert Koçaryana və ona bağlı olan 7 nəfərə məxsus əmlakın dövlətinə xeyrinə müsadirə edilməsi ilə bağlı iddia qaldırıb.

Ermənistanda müxalif “elita” əsasən, sabiqlərdən, daha doğrusu, Qarabağ “kart”ı ilə siyasi-ictimai mövqe qazanıb, müxtəlif cinayətlər törədənlərdən ibarətdir. Azərbaycan torpaqları işğaldan azad edildikcə, iki ölkə arasında münasibətlərdə “buzlar əridikcə”, onlar tərksilah olunurlar.

Keçmiş prezidentlər barəsində cinayət işləri başlandığından, Nikol Paşinyan hökumətinə, delimitasiya prosesinə qarşı çıxanların mahiyyəti də ifşa olunur. Ona görə də pula ehtiyacı olanlar və vəzifəsinin öhdəsindən gələ bilmədikləri üçün işdən qovulanlar keçmiş liderlərin maliyyə vəsaiti sayəsində son etiraz aksiyasında geniş surətdə təmsil olunurdular.

Nikol Paşinyan etirazçılara yerli İctimai Televiziyaya müsahibəsində cavab verib. Bildirib ki, rəsmi İrəvanın Ermənistan sərhədlərindən kənarda ərazi iddiası yoxdur.

Beynəlxalq ictimaiyyət iki ölkə arasında aparılan danışıqları, delimitasiya prosesini açıq-aşkar dəstəkləyir. ABŞ-nin dövlət katibi Antoni Blinkenin aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı telefon danışığı da belə düşünməyə əsas verir.

Belə bir şəraitdə müxalifət rolunda “aktivləşənlər” daha çox Ermənistan hakimiyyəti ilə “hesabı” olan məlum xarici qüvvənin də təmsilçisi kimi çıxış edir. Odur ki, bu ölkənin müxalifətini öz cinayətlərini ört-basdır etməyə çalışanlar və xarici qüvvələrin sifarişini yerinə yetirənlər yığını adlandırmaq olar. Özünü müxalifət sayan bu kəsim Ermənistan cəmiyyətinə illər boyu yalan danışıb, xalqı aldadıb. Həmin qruplaşmanın yürüş və mitinqləri də eyni mövzunu - Qarabağla bağlı xəstə ideyaları əhatə edir.

Bu qruplaşma baş tutmayacaq istəklər, ideyalar və xülyalar əsasında fəaliyyət göstərir. Orada təmsil olunanların əli Azərbaycan və Ermənistanın günahsız vətəndaşlarının qanına batıb. Bu kimi məsələlər baxımdan, onların cinayətlərinin miqyası daha da böyüyür.

Ermənistandakı “müxalif avanqard”ın iddiaları kütləvi xarakter ala və real mahiyyət kəsb edə bilmir. Bu bir daha Ermənistanın siyasi həyatında “müxalif boşluğun” olduğunu göstərir. Ermənistan hökuməti Azərbaycan torpaqlarını işğaldan azad etməklə, reallığa dönməsi üçün cəmiyyəti möhkəm silkələdi. O baxımdan, indi baş verənlər bu dövlətin yenidən qurulması üçün təkan sayıla bilər.

“Report” İnformasiya Agentliyi

0.13870000839233