Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - TƏHLİL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni kilsəsi uzun illər boyu zəhərli ideya, ideologiya və üfunətli nağıllar yaymaqla Ermənistan əhalisinin beynini yumaqla məşğul olub. Diaspor və xaricdəki müəyyən dairələrdən dəstək alan kilsə nümayəndələri əldə etdikləri səlahiyyət və sərvətlə krallar kimi yaşayıblar. Elə bu səbəbdən də zaman-zaman kilsə daxilində müəyyən parçalanmalar, daxili çəkişmələr yaşanıb. Müəyyən müddət sonra vəzifəyə çatan ruhanilər katolikos olmaq, daha çox pay əldə etmək uğrunda mübarizə aparıblar. Məqsədlərinə çatmaq üçün isə tərəf müqabilləri haqqında çirkin iftiralar, qurşaqdan aşağı zərbələr adi hala çevrilib. Opponentini rüşvətxorluqda, uşaqbazlıqda ittiham edənlər də az olmayıb. Eyni zamanda məqsədinə nail olmaq üçün müxtəlif yollara əl atmaq, xaos yaratmaq, yerli sakinləri dövlətə və kilsə rəhbərliyinə qarşı qızışdıranlar da var.

Bu tip şəxslərdən biri də Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyandır (Srbazan). Bir neçə gündür ki, Ermənistanın Tavuş vilayətində bir ovuc insanı əsirinə çevirən Srbazanın əslində niyyətinin başqa olduğu üzə çıxıb. Artıq məlumdur ki, ruhani liderin əsas məqsədi erməni kilsəsini parçalamaq və katolikos olmaqdır. Bunun üçün isə sadə ermənilərdən istifadə edərək, adını müəyyən dairələrə çatdırmaq, xaricdəki havadarlardan dəstək almaq niyyətini güdür. Heç təsadüfi deyil ki, elə ilk günlərdən sözügedən ərazi ilə bağlı erməni KİV-in hazırladığı xəbər və videolardan məlum olur ki, “etirazlar”a qoşulanların sayı 20-30 nəfəri ötüb keçmir. Eyni zamanda digər ərazilərdən də gətirilən və burada kənd sakini təqdim olunan şəxslər var. Təbii ki, bu işdə Baqratın da əli var və məqsədinə çatmaq üçün bütün yollara əl atmaq niyyətini büruzə verir. Bundan əlavə “etirazlar”ın “5-ci kolon”un da işinə yaradığını və təşkilatçılardan biri olduğunu qeyd etmək də vacibdir.

Maraqlıdır ki, Srbazan uzun müddətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı kəskin etiraz edən şəxslərdən sayılır. Bunun isə yuxarıda qeyd edilən katolikos olmaq arzusundan başqa səbəbi də var. 2022-ci ildə Ermənistanın ikinci prezidenti Robert Koçaryan Nikolun təqiblərindən qurtulmaq üçün kilsəyə sığınmışdı. Bu səbəbdən də 17 fevral tarixində keçirilən mətbuat konfransında bəyan etdi ki, prezidentliyə namizəd irəli sürmək üçün ən yaxşı variant Erməni Apostol Kilsəsinin ruhani liderlərindən biri ola bilər, çünki o, qərəzsiz olacaq və ümumbəşəri hörmətə malik olacaq. Bu açıqlama isə bəzi ruhaniləri həvəsləndirmişdi. Bir sıra siyasətçi və şərhçinin də bu məsələdə Barqat Srbazanın adını hallandırması, sonuncunun iştahasını əməlli-başlı artırmışdı. Bu açıqlamalardan sonra din xadimi baş nazirə və siyasi elitaya qarşı hücumlarını daha da kəskinləşdirir, lider olmaq, özünü xalqın atası kimi aparmaq üçün dəridən-qabıqdan çıxırdı. Tavuş hadisələri isə məsələnin duz-istiotu olub. İş o həddə çatıb ki, Baqrat artıq terrora da əl atacağının işarəsini verib və “Yerkrap”ın rəhbəri Sasun Mikaelyana səslənib. Bu isə güc strukturları ilə könüllü dəstələri arasında ciddi qarşıdurma yaratma həvəsindən xəbər verir. Ölkədə qeyri-stabilliyi pik həddə çatdırmaq, katolikos olana qədər bu çirkin oyunları davam edəcəyinə and içən ruhani xadim artıq erməni mətbuatında ifşa olunur.

Ruhani dairələrdə narsis kimi tanınan Srbazan gizli şəkildə müxtəlif dairələrlə görüşlər keçirir, əslində dərdinin Tavuş kəndliləri yox, şəxsi ambisiyaları olduğunu büruzə verir. Tavuş yeparxiyasının rəhbəri artıq yaxın çevrəsinə bəyan edib ki, hətta bu aksiya da uğursuz olsa, nəticə əldə edilməsə də, özünə yaxşı reklam qazanıb. Məlumdur ki, bir müddət sonra Erməni Kilsəsi katolikosu postuna seçkilər keçiriləcək və bu oyunlarla Srbazan diqqət cəlb edərək seçkilərdə qalib gələcəyinə ümid edir.

Əslində Baqratın II Qareginlə münasibətləri pisdir. Tərəflər arasında ixtilaf 2018-ci ildə başlayıb. Tavuş yeparxiyası rəhbəri katolikosa qarşı qarayaxma kampaniyasına gizli şəkildə istiqamət verib və bu işlərin başında durub. Amma bu kampaniya fiaskoya uğradı. Çünki Paşinyan hökuməti Qareginlə münasibətləri gərgin olsa da, Baqratı dəstəkləmədi. Eyni zamanda bildirildi ki, kilsə məsələləri kilsə daxilində həll olunmalıdır.

2021-ci ildə Robert Koçaryan tərəfdarları da ölkədəki xaosdan istifadə edərək, hakimiyyətə qayıdacaqlarına ümid edirdilər. Bu səbəbdən də tərəflər arasında gizli görüş keçirilir və əldə edilən razılaşmaya görə, əgər Koçaryan hakimiyyətə qayıtsa, Baqrat katolikos postuna yiyələnəcək. Amma tərəflərin planı suya düşdü. Bununla belə, baş verən hadisələr göstərir ki, Srbazan bu qədər uğursuzluğa rəğmən ambisiyalarından vaz keçmək niyyətində deyil və bu dəfə xaos planından istifadə etmək niyyətindədir.

Maraqlıdır ki, ilk mərhələdə Moskvadan müxtəlif çağırışları dinləyən II Qaregin Baqrat Srbazanın bu hərəkətini dəstəkləsə də, sonradan fikrindən daşındı. Çünki əvvəlcə hadisələrin hakimiyyətə qarşı olduğunu düşünən ruhani lider sonradan əsl hədəfin katolikosluq olduğunu dərk edib. Eyni zamanda, “Vətəndaş sazişi”nin siyasi elitası ilə kilsə nümayəndələri arasında əldə edilən gizli razılaşmaya görə, Erməni Apostol Kilsəsi Tavuş hadisələrində iştirak etməyəcək və dövlətin qərarına hörmətlə yanaşacaq. Bu səbəbdən də Baqratdan başqa heç bir ruhani liderin adı Tavuş məsələlərində hallanmır. Srbazan isə məqsədinə nail olmaq üzrədir. Çünki son günlər sosial şəbəkənin ermənidilli seqmentində kilsəyə qarşı artıq neqativ fikirlər ciddi şəkildə artıb. Bu isə xalqla Kilsə arasında uçurumun yaranması deməkdir və Qaregin bu təhlükənin gələcəkdə nələrə səbəb olacağını gözəl dərk edir.

Ehtimal edilir ki, qısa müddət ərzində Baqrat kilsənin sərt və radikal üzü ilə tanış ola bilər. Bu isə yeparxiya rəhbərliyindən qovulmaq, “dövlətə və kilsəyə zərbə vurur” bəyanatları ilə müşayiət oluna bilər. Erməni mətbuatının ermənidilli seqmentində yayılan xəbərlərdən məlum olur ki, II Qaregin məsələdən bərk qəzəblənib və yaxın vaxtlarda Srbazanla görüşməyi planlaşdırır. Çünki təcrübədə də Baqratın Kanada yeparxiyasını məhv etməsi, bu hadisədən sonra isə onun qardaşının ABŞ-da taksi xidməti açması faktı var. Ssenarinin yenidən təkrarlanmaması, kilsənin parçalanmaması üçün isə ruhani liderin radikal addımlar atacağı ehtimalı yüksəkdir.

“Report” İnformasiya Agentliyi

0.1514949798584