Azərbaycan-Rusiya əlaqələri iki dövlətin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Yeni reallıqlar çərçivəsində həm siyasi, həm təhlükəsizlik baxımından bu olduqca mühümdür.
“Yeni Müsavat” bildirir ki, aprelin 22-də Azərbaycan Prezidenti Rusiyada səfərdə olarkən bu kontekstdə mühüm açıqlamaları ilə Bakı-Moskva münasibətlərinin əhval-ruhiyyəsini gözlər önünə sərdi. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə toxunan prezident deyib: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.
Təhlilçilər də bildirir ki, siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Son 30 ildə aparılan siyasət tamamilə fərqli mənzərə yaradıb və o da aydın olub ki, Rusiya heç də Qərbdən zəif güc deyil. Praqmatizm, məntiq, reallıqlar deyir ki, qonşumuzdakı nəhənglə daha sıx əməkdaşlıq, dostluq qurmaqla böyük nailiyyətlər əldə edə bilərik, nəinki onunla konfrontasiyaya getməklə.
Hazırda Rusiya ilə münasibətlərin dərinləşməsini hakimiyyətin radikal siyasi opponentləri öz dar prizmasından ancaq neqativ kimi təqdim edir. Bir çoxları Rusiya ilə yaxınlaşmanın əleyhinə təbliğat aparırlar. Onların çoxu da missioner Qərb dairələrinin əlaltıları kimi tanınır. Bu cür təbliğatla cəmiyyətdə fərqli fikirlər formalaşdırılması cəhdləri var. Hansı ki, bu, Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil. Əlbəttə, biz Türkiyə ilə culğalaşırıq, bir millət, qardaş dövlət kimi addımlayırıq. Ancaq Rusiya ilə münasibətləri dostluq səviyyəsində saxlamamaq ciddi fəsadlar verə bilər və bunu Ukrayna, Ermənistan, Gürcüstan nümunələrində görürük. Rusiya ilə dostluq nə qazandırır, əksi olsa nələr olar?
Prezidentliyə keçmiş namizəd Fuad Əliyevin bildirdiyinə görə, Rusiya əbədi və güclü qonşudur. Onun fikrincə, Qərbin və radikal müxalifətin propoqandasına uyub Moskva kimi mühüm tərəfdaşı özümüzə qarşı çevirə bilmərik:
“Rusiyada 3 milyondan çox azərbaycanlı var. Çox böyük rəqəmdir. Ticarət dövriyyəmiz 4 milyard dollara çatıb. İki xalqın münasibəti kifayət qədər normaldır. Biz heç zaman rusofob olmamışıq. Azərbaycanda rus dili təhsili mövcuddur. Bu komponentləri dəyərləndirmək lazımdır. Kim Azərbaycanın Rusiya ilə arasının dəyməsini istəyirsə, heç bir siyasi təfəkkürü, dövlətçilik anlayışı yoxdur. İkincisi, Rusiya ilə mehriban qonşuluğu kənara qoyub Qərblə yaxınlaşmaq nə qazandırır? Ona görə də strateji mütəffiqlik haqda deklorasiya ikitərəfli əlaqələrdə yeni bir eranın başlanğıcı oldu. Eyni zamanda kim deyir ki, Azərbaycan Qərbdən uzaqlaşır?”
Fuad Əliyevə görə, bizim Avropa Birliyinin 9 ölkəsi ilə tərəfdaşlığımız var, Avropa İttifaqı ilə strateji qaz sənədi imzalanıb, enerji məhsullarımız Qərb bazarında satılır, 4 kəndin geri qaytarılması məsələsini də Brüssel və Vaşinqton alqışladı:
“Sadəcə, biz Zelenski, Paşinyan, Saakaşvilinin etdiklərini təkrarlamırıq. Rusiya ilə normal münasibətlər saxlayanda, balanslı xarici siyasət yürüdəndə dilemma qarşısında da qalmırsan, təhdidlər də olmur. Bu gün cənab Prezident Azərbaycanın müstəqil, milli maraqlara uyğun xarici siyasətini müəyyən edib və hansısa qaragüruh qüvvələr bu addımlarda qüsur tapa bilməzlər”.