Fuad Əliyev: Şəffaf, rəqabətli, maraqlı bir seçki prosesi olacağına əminik

Seçki üçün son tarix bəlli oldu...

Məlumatlı şəxsin sözlərinə görə, Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxın 1 ayda, ən gec mayın sonuna kimi məzuniyyətə çıxmaq tövsiyə olunub. Məzuniyyətə çıxmaq istəməyənlərin dekabrdan tez bu hüquqdan yararlana bilməyəcəkləri vurğulanıb. Məlumatlara əsasən, növbədənkənar parlament seçkiləri ilə əlaqədar digər vəzifəli şəxslərin də məzuniyyət hüququ ilin sonuna kimi ertələnib. O da bildirilir ki, bəzi xəbər agentliklərinin rəhbərləri də işçilərinə avqustda məzuniyyətə buraxılmayacaqları ilə bağlı xəbərdarlıq edib. 

Prezidentliyə keçmiş namizəd Fuad Əliyev də parlament seçkilərinə hazırlaşdıqlarını açıqladı. Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyevin sözlərinə görə, seçkilərin gələn ilə keçirilməsi konstitusiyaya əsasən mümkün deyil, o səbəbdən yay aylarında seçki olmalıdır: 

“Bilirsiniz ki, dekabrda bələdiyyə seçkiləridir, ondan bir ay qabaq Bakıda möhtəşəm bir beynəlxalq tədbir keçiriləcək, ona görə də parlament seçkiləri əvvələ təyin oluna bilər. Amma bunun dəqiq zamanını bilmirik. Biz seçkidə iştirak edəcəyik, şəffaf, rəqabətli, maraqlı bir seçki prosesi olacağına əminik”.

Fuad Əliyev qeyd etdi ki, ilk dəfə azad edilən bütün ərazilərdə parlament seçkiləri keçiriləcək:

“Fevralın 7-də "Zəfər seçkisi" Xankəndidə, Şuşada, bütün Qarabağda oldu, indi də deputat seçimləri bu ərazilərdə olacaq. Ən maraqlısı odur ki, Rusiya hərbi kontingenti də ərazilərimizi tərk edir və bununla da tamamilə nəzarət dövlətimizdədir. Yəni olduqca tarixi proseslərə şahidik və yeni parlament Zəfərə adekvat olmalıdır, tərkibi rəngarəng, müxtəlif siyasi qüvvələri özündə əks etdirən Milli Məclis olmalıdır".

/Yeni Müsavat/

0.11177515983582