Serbiyanın paytaxtı Belqradda davam edən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin üç üzvü növbəti mərhələyə adlayıb.
Xeber-ps.com Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yarışın 4-cü günündə Nəbi İsgəndərov (67 kq) 1/8 final çərçivəsində fransalı Huqo Qraunu sınağa çəkib. Döyüş 4:1 (29:28, 30:27, 29:28, 28:29, 29:28) hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. İsgəndərov 1/4 finalda ilk mərhələdən azad olan Laşa Quruli (Gürcüstan) ilə üz-üzə gələcək.
Malik Həsənov (63,5 kq) da çıxışını qələbə ilə başa vurub. O, 1/8 finalda U-22-lər arasında son Avropa çempionu olan ispaniyalı Oyer İbarriçeni 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Həsənov 1/4 finalda Din Klensi (İrlandiya) ilə döyüşəcək.
Sərxan Əliyev (71 kq) isə 1/8 finalda Makkiver Euqenlə (İrlandiya) münasibətinə aydınlıq gətirib. Boksçumuz qələbə sayəsində mərhələ adlayıb. O, ikinci qarşılaşmasında Esgerxan Madiyevlə (Gürcüstan) qüvvəsini sınayacaq.