Sərbəst güləşçi Əliabbas Rzazadə: “Olimpiadaya qızıl medal qazanmaq üçün gedəcəyəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Olimpiadaya qızıl medal qazanmaq üçün gedəcəyəm”.

“Report”un məlumatına görə, bunu Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın sərbəst Əliabbas Rzazadə jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı idmançı komanda yoldaşlarından da eyni nəticəni gözlədiyini bildirib:

“Həm televiziya qarşısından, həm də tribunadan məni dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm. “Doğma divarlar” arasında güləşmək insana xüsusi motivasiya verir. Bu gün ilk lisenziyanı mən qazandım. İnanıram ki, ayağım komandaya düşərli olacaq”.

Avropa çempionu yarımfinalda məğlub etdiyi Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovdan revanşı aldığını söyləyib:

“Bütün rəqiblərim güclü idi. Ancaq biz də yarışa yaxşı hazırlaşmışdıq. Qarşıma olimpiadaya lisenziya qazanmaq məqsədi qoymuşdum, buna da nail oldum. Yarımfinalda məğlub etdiyim idmançı məni Avropa çempionatında məğlub etmişdi. Bu görüş revanş xarakteri daşıyırdı. Azarkeşlərin də köməyi ilə bu dəfə qələbə qazanmağı bacardım”.

Ə.Rzazadə Parisdə keçiriləcək olimpiadaya fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün gedəcəyini vurğulayıb:

“Qarşıda məni daha çətin sınaq gözləyir. Bu cür davam etsəm, qələbələrimi olimpiadada da davam etdirəcəyimə inanıram. Təbii ki, olimpiadaya yollanan güləşçilərin heç biri zəif olmur. Mən də onlardan geri qalmıram. Orada əsas rəqibim Rusiya təmsilçisi olacaq. Onu məğlub edərək, titul qazanmağa çalışacağam. İnanıram ki, bu il mənə düşərli olacaq. Əvvəlki güləşlərimlə müqayisədə çox inkişaf etmişəm”.

0.1051619052887