Nyu-York merinin baş müşaviri Rəna Abbasova həbs olunub? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın tanınmış hüquq müdafiəçisi Rüfət Səfərov belə bir status paylaşıb:

“Həmyerlimiz Rəna Abbasovanın Nyu-York meri Erik Adamsın baş müşaviri təyin olunmasını, Nyu-York meriyasının beynəlxalq əlaqələrinə rəhbərlik etməsini qürur hissi ilə paylaşmışdıq. Bir il keçdi. Federal Təhqiqat Bürosu Rəna Abbasovanı həbs etdi. Xanım müşavir rüşvət almada, mənimsəmədə və s. ittiham olunur. Çox təəssüf”.

Ölkəmizin müxalif düşərgəsini təmsil edən dostlarımız oxşar məzmunlu onlarla status paylaşıblar. Onların nəzərində o boyda Nyu-Yorkun meri Rəna Abbasovaya etimad göstərib, o isə rüşvətxorluğa qurşanıb. Bizi, yəni Azərbaycanı biabır edib...

Bəs əslində həqiqət necədir?

Elə oradan başlayaq ki, Erik Leroy Adams kimdir? 1960-cı ildə doğulub, qaradərilidir. Keçmiş polis zabiti, 20 il polisdə çalışıb. 2022-ci ildən Nyu-York şəhərinin 110-cu meri seçilib. Demokratik Partiyanın ideoloji cəhətdən mötədil üzvü olan Adams Nyu-York Şəhər Tranzit Polisində, daha sonra isə Nyu-York Şəhər Polis Departamentində (NYPD) çalışıb. 20 ildən çox işləyib, kapitan rütbəsində təqaüdə çıxıb. O, 2006-2013-cü illərdə Nyu-York Ştat Senatında xidmət edib, Bruklindəki 20-ci Senatın dairəsini təmsil edib. 2013-cü ilin noyabrında Adams bu vəzifəni tutan ilk afro-amerikalı olan Bruklin dairəsinin prezidenti seçilib və 2017-ci ilin noyabrında yenidən seçicilər ona etimad göstəriblər. 

Erik Adams deyib ki, o, yeniyetmə olanda polis idarəsində onu döyüblər. O qədər döyüblər ki, o, sidik yerinə qan ifraz edib. Yəni yeniyetmə çağlarında çox dəliqanlı birisi olub. Öz müsahibələrində fahişələrlə isti münasibətindən də bəhs edib. 

O da maraqlıdır ki, zorlamaya görə məhkum olunmuş əfsanəvi boksçu Mayk Tayson həbsdən azad ediləndə boksçunu müşayiət edən maşın karvanına Erik Adams rəhbərlik edib. 

2006-cı ildə Adams polis məmuru kimi televiziyaya müsahibə verib və bələdiyyə başçısı Maykl Blumberqi tənqid edib. Elə buna görə də 2006-cı ildə o, kapitan rütbəsi ilə polisdən təqaüdə göndərilib...

Nyu-York meri kimi startı isə çox uğursuz olub. Belə ki, yeni merin 8-ci iş günü şəhərdə faciə baş verib. Yanğında 17 nəfər ölüb. Onlardan 8 nəfəri uşaq olub...

Adamsın mer kimi fəaliyyət göstərdiyi ilk aylarda Nyu-York şəhərində kriminal durum ciddi şəkildə pisləşib: Polis zabiti Ceyson Rivera və Uilbert Mora Harlemdə məişət zəminində baş vermiş iğtişaş zamanı güllə ilə öldürülüblər.

Prezident Co Bayden və baş prokuror Merrik Qarland Nyu-Yorka səfər ediblər və yeni merə dəstək veriblər...

Adams heç vaxt evlənməyib, lakin Cordan Koulman adlı bir oğlu var. Nyu-Yorkun merinə Amerikada “Nightlife Mayor” (gecə həyatı yaşayan vali) deyirlər. Niyə? Çünki bu adam əylənmək üçün tez-tez gecə klublarına gedir...

2023-cü il noyabrın 2-də Federal Təhqiqat Bürosunun agentləri Adamsın mer seçkiləri üçün pul yığan adamından üç telefon və iki notbuk müsadirə ediblər. Noyabrın 6-da Adamsın planşet və telefonu FTB tərəfindən ələ keçirilib. Axtarış elə küçənin ortasında həyata keçirilib. Adamsın vəkili deyib ki, vali FTB-nin tələbinə "dərhal əməl edib". O, hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdiyini və gizlədəcək heç bir şeyi olmadığını bildirib.

Məhz bu olaydan sonra soydaşımız Rəna Abbasovanın adı ABŞ mediasının gündəminə daşınıb. Heç şübhəsiz ki, bu xanım son dərəcə çevik və ağıllı qadındır. Rəna xanım rəsmi olaraq departamentin protokol şöbəsinin direktorudur. Kifayət qədər yüksək vəzifədir. Yerli mətbuatın məlumatına görə, onun illik maaşı 81 651 dollardır.

ABŞ-nin “The Post” qəzeti şikayətlənir ki, bir neçə dəfə müraciət etsək də, Rəna xanım suallarımıza cavab verməkdən imtina edib.

Meriyadakı işlərlə tanış olan mənbə bildirib ki, Abbasova bu ilin əvvəlində yeni vəzifəyə - beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik edib və merin qatıldığı tədbirlərin planlaşdırılması da onluq olub. Onu tanıyanlar deyir ki, “Rəna sakit və təvazökar insandır”.

Rəna xanım Erik Adams Bruklin dairəsinin prezidenti seçiləndən onunla birlikdə işləyir.

ABŞ mediası bildirir ki, Rəna Abbasova azərbaycanlıdır. “Dəfələrlə dediyimiz kimi, bu yaxınlarda düzgün olmayan hərəkət edən bir şəxs haqqında məlumat aldıq və bu barədə dərhal müstəntiqlərə məlumat verdik. Bu şəxs dərhal məzuniyyətə çıxarılan kiçik işçi idi və bu gün də məzuniyyətdədir”, - deyə meriya sözçüsü bildirib.

Nyu-York meriyası bildirib ki, düzgün olmayan hərəkətlərə yol verdiyi ehtimal olunan Rəna Abbasova dərhal məzuniyyətə göndərilib. Meriyanın bəyanatından aydın görünür ki, əsas hədəf Erik Adamsı qorumaqdır. Meriyanın bəyanatında belə bir fikir yer alır: “Yadda saxlamaq lazım olan ən vacib şey odur ki, bələdiyyə sədri heç bir qanunsuzluqda ittiham olunmur”.

Rəna xanımın gördüyü iş bunlar olub: "O, Yaxın Şərq və Mərkəzi Asiya ölkələri, müsəlman və rusdilli icmalar və qeyri-kommersiya təşkilatları arasında əlaqələrin saxlanmasına cavabdeh olub".

Soydaşımız Türk irsi ilə bağlı ABŞ-də tədbirlər keçirib. 2017-ci ilin aprelində Adams və Türkiyə prezidentinin oğlu tərəfindən dəstəklənən Türklərin Fondu arasında görüş təşkili üçün ricada bulunub.

ABŞ mediası vurğulayır ki, Rəna Abbasova Türkiyə və Azərbaycan iqtidarı ilə yaxın münasibətdə olub və öz şefi ilə adıçəkilən ölkələrin xeyrinə müəyyən işlər görüb.

İstintaq Adamsın yanğın təhlükəsi ilə bağlı narahatlıqlara baxmayaraq, Türkiyə konsulluğunun inşası üçün Bruklin mahalının ozamankı prezidenti kimi şəxsi nüfuzundan istifadə edib-etmədiyini araşdırıb. “The Post”un nəzərdən keçirdiyi kampaniya qeydlərinə görə, vali Adamsın seçki kampaniyası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilalın dəstəklədiyi bir fonddan 6 min dollar məbləğində ianə alıb. Üç donor bu kampaniyaya qatılıb...

Onu da deyək ki, Rəna Abbasova həbs olunmayıb. O, sadəcə məzuniyyətə göndərilib. Ümumiyyətlə, bu kimi ittihamlara görə ABŞ-də kimisə həbs eləmək çox çətindir. Məsələn, ABŞ Konqresində erməni lobbisinin əsas müdafiəçisi kimi tanınan Bob Menendes az qala 10 ildir ki, rüşvət və korrupsiya qalmaqalında suçlanır. Ancaq o, hələ də həbs olunmayıb. Sadəcə Konqresin Xarici Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsindən istefa verməli olub...

Heç şübhəsiz ki, Rəna Abbasova ilə bağlı da bu məsələ uzanacaq. Nə qədər Erik Adams Nyu-Yorkun meridir Rəna Abbasova həbs olunmayacaq. Bir daha vurğulayıram, Erik Adams Demokratlar Partiyasının üzvüdür. Demokrat Co Bayden hazırda ABŞ prezidentidir...

Onu da deyim ki, Nyu-York merinin başqa bir köməkçisi - Uinni Qreko da FTB tərəfindən dindirilir. Bu xanım əslən çinlidir. 1990-cı ildə ABŞ-yə gəlib. O, Çin və digər Asiya ölkələrinin Nyu-Yorkdakı seçki kampaniyasına maddi dəstək verməsini təmin edib. Ölkə qanunlarına görə, seçki kampaniyasına pul köçürmə qanunla tənzimlənir. Bu qanunlar isə o qədər “sürüşkən”dir ki, bu kimi hallara görə kimi isə mühakimə etmək son dərəcə çətindir.

0.093732118606567