“Böyük Dəbilqə”nin gümüş mükafatçısı: “Mən də olimpiadaya yollanmaq istəyirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən də Yay Olimpiya Oyunlarına yollanmaq istəyirəm. Niyə də yox? Xeyirli nədirsə, o da olacaq”.

Bunu  “Report”a açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov deyib.

90 kq-da mübarizə aparan idmançı bu çəkidəki rəqabətdən bəhs edib:

“Olimpiadaya üç iddiaçı var. Mən, Elcan Hacıyev və Murad Fətiyev. Kim digərlərini qabaqlasa, o da Parisə yollansın. Hamımız üçün xeyirlisi olsun”.

Talıbov Türkiyədəki turnirdə gümüş mükafat əldə etməsi barədə də danışıb:

“Yarışa getməmişdən əvvəl medal qazanacağımı gözləyirdim. Özümü yaxşı hiss edirdim. Çempion olmaq istəyirdim, qismət olmadı. Finalda məğlub oldum. İlk vazari xalını mən qazanmışdım. Hər şey də yaxşı gedirdi. Sadəcə, həmin gün rəqib məndən üstün idi və qalib gəldi. Qarşıdakı hədəflərim Avropa və dünya çempionatlarında medal qazanmaqdır”.

Qeyd edək ki, Azərbaycan millisi “Böyük Dəbilqə”də 9 idmançı ilə təmsil olunub. Vüqar Talıbovdan başqa, Rəşid Məmmədəliyev (73 kq) də gümüş mükafata sahib çıxıb.

0.16313409805298