“AFFA Azərbaycanın regionlarında infrastruktur layihələri həyata keçirməyə çalışır. Hazırkı layihə buna bariz nümunədir”.
“Report”un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev “Kəpəz”in yeni akademiyası və məşq mərkəzinə təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.
Assosiasiya rəsmisi yeni yaradılan akademiyanın əhəmiyyətindən danışıb: “Akademiya UEFA FIFA və AFFA-nın dəstəyi ilə qurulub. Birmənalı şəkildə demək olar ki, bura Azərbaycanda ən böyük futbol bazasıdır. Düşünürük ki, baza fəaliyyətə başlayandan sonra Azərbaycan futboluna öz müsbət töhfəsini verəcək. Bu bazadan başqa, ərazidə iki təbii, bir süni ot örtüyü olan məşq meydanı inşa olunub. Həmçinin Gəncə şəhərində əlavə olaraq futbol meydançası salınıb”.
S.Hacıyev bu prosesin davam edəcəyini vurğulayıb: “Hazırda konkret region deyə bilmərik. Amma növbəti illərdə digər bölgələrdə də bu cür layihələr icra olunacaq”.