Cahangir Həsənzadə: “Qarabağ” “Neftçi” ilə görüşə ikinci dərəcəli oyun kimi yanaşmayacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” “Neftçi” ilə görüşə ikinci dərəcəli oyun kimi yanaşmayacaq”.

Bunu “Report”a açıqlamasında hər iki komandanın formasını geyinmiş sabiq qapıçı Cahangir Həsənzadə Premyer Liqanın XXV turunda baş tutacaq Azərbaycan derbisi barədə danışarkən deyib.

AFFA-nın texniki direktoru bu qarşılaşma haqqında fikir söyləməyin mürəkkəb məsələ olduğunu bildirib:

“Çünki “Qarabağ”ı UEFA Avropa Liqasında “Bayer 04”lə vacib matç gözləyir. Məncə, düşüncələrini həmin görüşə yönəldəcəklər. Bu gün bəzi əsas heyət üzvlərinə dincəlmək şansı veriləcək. Amma nəticə baxımından imic məsələsi də var. “Qarabağ”ın bu matça ikinci dərəcəli oyun kimi yanaşacağına da inanmıram”.

44 yaşlı keçmiş qolkiper “Neftçi”nin işlərinin hələ də qaydasında olmadığını vurğulayıb:

“Düşünürəm ki, “ağ-qaralar” üçün çox çətin qarşılaşma olacaq. Nəticə baxımından bir söz deyə bilmərəm. Həmin anda ən güclü kim olacaqsa, o da qalib gələcək. Amma turnir cədvəlində xallara və yerlərə nəzər yetirsək, “Neftçi”yə üç xal daha vacibdir. “Qarabağ”ın xala görə ehtiyat yastığı varsa, rəqibində bu yoxdur. İtirdiyi hər xal mövsümün sonunda avrokuboklarda iştirak faizini azaldır. Məncə, “Neftçi” istəkli və aqressiv olacaq. Zənnimcə, Ağdam klubunun kifayət qədər yaxşı ehtiyat oyunçuları da var. Onlar da özlərini göstərməyə çalışacaqlar”.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da oynanılacaq görüş saat 19:00-da başlayacaq.

0.24636507034302