Qurban Qurbanov: “Oyun olmasaydı, daha yaxşı olardı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu oyuna köklənmək bir az çətin idi. Amma onlar bunu bacardılar. Hər birində yaxşı konsentrasiya var idi. Heyətdə xeyli dəyişiklik etmişdik. Çatışmazlıqlar oldu”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXIV turunda qələbə qazanan “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis “Sumayıt”la qarşılaşmada ikinci hissədə daha yaxşı oynadıqlarını bildirib: “İlk yarı qapalı oyun oldu, ikinci yarı daha açıq oyun getdi. Yaxşı, sürətli hücumlar gördük. Bu həftə oyun olmasaydı, daha yaxşı olardı. Bundan əvvəl də bizə lazım idi, yəni “Braqa” ilə oyundan sonra. Təxirə salındı. Amma biz yenə də müraciət etmişdik ki, bu oyunu təxirə salsınlar. Bir az proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, “Qəbələ” ilə oyuna gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki “Braqa” ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi. Ehtiyatlanırdıq. Futbolçular tam bərpa olunmamışdılar. Başqa qərar qəbul olunubsa, gedib “Qəbələ” ilə oynamalıyıq”.

“Qarabağ” baş məşqçisi “Neftçi” və “Qəbələ” ilə oyunların təxirə salınmasının mümkün olmadığını vurğulayıb. Qurban Qurbanov köməkçisi Zaur Tağızadə barədə danışıb. O, Zaurun mətbuata qapalı olmasına aydınlıq gətirib: “Zaur həqiqətən də “qızıl oğlan”dır. Hamı onun xətrini çox istəyir. Futbolçu vaxtlarında da müsahibələrini nadir vaxtlarda görürdüm. Hərənin öz işi var. Sizlərə müsahibə lazımdırsa, mən verirəm, nə sualınız varsa, verin (gülür). Onlar da öz işləri ilə məşğul olsun. Bilmirəm, müraciət etmisiz? Məncə, yox deməz, problem olmaz”.

Qeyd edək ki, “Qarabağ” növbəti qələbəsini qazanaraq, lider mövqeyini bir az da möhkəmləndirib. Ehtiyatda bir oyunu olan Ağdam klubu ən yaxın izləyicisini 18 xal qabaqlayır.

0.29381012916565