Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turu çərçivəsində bu gün keçirilmiş “Turan Tovuz” - “Neftçi” matçının yekununda gərgin anlar yaşanıb.
Sportinfo.Az xəbər verir ki, oyundan sonra tovuzlu azarkeşlər “Neftçi”nin futbolçularını fitə basıb.
Tribunadakı azarkeşlərdən biri əlindəki plastik su qabını rəqib futbolçulara tərəf atıb. Plastik qab Qara Qarayevin başına dəyib.
Məlum hadisə qonaqlara xoş gəlmədiyindən bəzi oyunçular nalayiq ifadələrə yol veriblər.
Buna görə iki komandanın nümayəndələri arasında kiçik münaqişə yaranıb.
Baş məşqçilər Miodraq Bojoviçlə Ayxan Abbasov məsələyə aydınlıq gətirmək istəyəndə, baş hakim onların mübahisə etdiyini düşünərək hər ikisinə sarı vərəqə göstərib.
Klub və komanda nümayəndələrinin müdaxiləsindən sonra kiçik insidentin qarşısı alınıb. Azarkeşlər isə polislər tərəfindən stadiondan uzaqlaşdırılıb.