2022-ci il fevralın 24-də müharibə başlayandan indiyədək döyüşlərdə Rusiyanın 408 min hərbçisi öldürülüb.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andriy Kovalyov bildirib.
Savaşın ikinci ildönümündə yeni statistikalar açıqlayan qurum rəsmisi ilk dövrlərlə müqayisədə hazırda müharibənin gedişində ciddi dönüşün olduğunu söyləyib: “İki il əvvəl bizim tərəfdaşlarımızdan heç biri Ukrayna xalqının Rusiyaya effektiv müqavimət göstərə biləcəyinə inanmırdı. O vaxt Rusiya qoşunları Kiyevi 3 günə tutmağı planlaşdırırdılar. İndi isə bunu heç yada da salmırlar. Rusiya Ukrayna xalqının ruhunu, çoxsaylı könüllülərin ordu sıralarına qoşulacağını nəzərə almamışdı”.
O deyib ki, 2022-ci ilin fevral-mart aylarında Ukrayna atıcı silahlarla, “Kalaşnikov” avtomatları və tank əleyhinə NLAV-lərlə müharibə aparırdı: “Bunu mən şəxsən Kiyevin müdafiəsinin iştirakçısı kimi deyə bilərəm. Bu gün isə artıq ən son silahlara, xüsusən “Patriot” hava hücumundan müdafiə sistemlərinə malikik və yaxın gələcəkdə “F16” təyyarələrinin və bir çox digər müasir silah növlərinin çatdırılmasını gözləyirik. Müharibədən əvvəl Ukraynanın 44 min kvadrat kilometr ərazisi Rusiya tərəfindən zəbt olunmuşdu. İndi ərazimizin daha 64 min 600 kvadrat kilometri işğal edilib. Ukrayna müdafiə qüvvələrinin əks-hücum əməliyyatları zamanı 40 min kvadrat kilometr ərazimiz azad olunub”.
A.Kovalyovun sözlərinə görə, Rusiyaya məxsus ən son model 6530 tank vurulub. Bundan başqa, qarşı tərəfin 12500-dən çox zirehli döyüş maşını, 1000-dən çox raket zərbə sistemi və 680 zenit-raket müdafiə sistemi, ən əsası 340 döyüş təyyarəsi sıradan çıxarılıb.
“Bu rəqəmlər durmadan artır, çünki Ukrayna Silahlı Qüvvələri hər gün Rusiyanın texnikasını vurur və şəxsi heyətini zərərsizləşdirir”, - sözçü bildirib.
Onun iddiasına görə, Rusiyanın gündəlik canlı qüvvə itkisi minə yaxındır: “Krım yarımadasını işğaldan azad edilməsi əməliyyatını uğurla həyata keçiririk. Rusiya Qara Dəniz Donanmasının gəmiləri və sualtı qayıqları fəal şəkildə məhv edilir. İndiyədək qarşı tərəfin 25 gəmisini vurmuşuq”.