Qohum evliliyi məsələsi daim cəmiyyətdə müzakirə və mübahisə yaradan mövzulardan biridir. Bir çoxları hesab edirlər ki, qan bağı olan insanların evliliyi gələcək nəsildə bir sıra fəsadların meydana çıxmasına səbəb olur. Şəxslər arasındakı qan bağının yaxınlıq dərəcəsi artdıqca fəsadların meydana çıxma riski də böyüyür.
Hətta dünyanın bir çox ölkələrində - Çin, Yaponiya, ABŞ, Böyük Britaniya, İsveçrə, Türkiyə, Ukrayna, İrlandiya, Cənubi Koreya, Yeni Zelandiya, Tacikistan və s.-də qohum evliliklərinə qadağa qoyulub. Yəni yaxın qohumlar arasında nikah qadağası var. Bəs bizdə vəziyyət necədir? Qohum evliliklərinin fəsadları haqqında mütəxəssislər nə düşünürlər? Əsas fəsadlar hansı bağlar üzrə müşahidə olunur - ata, yoxsa ana xətti üzrə?
Məsələ ilə bağlı Xeber-ps.com-a danışan həkim-genetik Mircavid Müslümov bildirib ki, istər qohum evliliyi olsun, istər qeyri-qohum evliliyi, genetik xəstəlikli uşağın doğulma ehtimalı var:
“Hər bir insan 100 trilyondan çox hüceyrədən ibarətdir. Hər hüceyrə daxilində 23 cüt xromosom var. Hər cüt xromosomdan biri anadan, digəri atadan gəlir. Xromosomların strukturunu da DNT formalaşdırır. Kodlaşdırılan bölgələrə biz gen deyirik. Həmin genlərdə baş verən dəyişikliklər xəstəliklərin meydana çıxmasına səbəb olur. Statistikaya əsasən, yeni doğulan uşaqların təxminən iki faizi irsi xəstəliklər və ya ciddi inkişaf qüsurları ilə doğulur.
Genetik xəstəliklər ya ana bətnindəki döldə öz-özünə, ya da irsi olaraq, valideynlərdəki genetik kodlarda baş verən dəyişikliklərin ötürülməsi ilə əmələ gəlir”.
Genetik vurğulayıb ki, dünyada qohum evliliklərinin sayı 20 faiz təşkil edir və doğulan uşaqların 8,4 faizi onların payına düşür:
“Qohum, yaxud qeyri-qohum evliliyindən asılı olmayaraq, genetik xəstəlikli uşağın doğulma ehtimalı həmişə var. Normalda hər bir insan ortalama beşdən səkkizə qədər genetik xəstəliyin daşıyıcısıdır, amma bunu heç birimiz bilmirik.
Qohum evliliklərində ən çox rast gəldiyimiz qan xəstəlikləri, sinir-əzələ xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri və əsas da metabolik xəstəliklərdir. Araşdırmalara görə, Daun sindromu hər 800 canlı doğumdan bir rast gəlinirsə, yuxarıda sadaladığım xəstəliklər hər 100 canlı doğumdan bir rast gəlinir.
Azərbaycanda kifayət qədər genetik xəstəliklər var. Yanlış bir məlumat yayılıb ki, genetik xəstəliklərlə bağlı dörddəbir ehtimal var və xəstə uşaq doğulubsa, növbəti hamiləliklərdəki üç uşaq sağlam olacaq. Bu cür fikirlər tamamilə yanlışdır. Çünki ata-ana genetik xəstəliyin daşıyıcısıdırsa, hər hamiləlikdə uşağın 25 faiz xəstə doğulma ehtimalı var”.
Qohum evliliklərində ata, yoxsa ana xəttinin daha çox xəstə uşaqların doğulmasına səbəb olması sualına gəlincə, həkim qeyd edib ki, bəzən insanlar düşünürlər ki, xalaqızı-xalaoğlu ilə evlənmək olmaz, amma əmiqızı-əmioğlu ilə evlənmək olar.
“Bu da yanlış fikirdir. Hər bir uşağa genomun yarısı atadan, yarısı anadan keçir. Əmiuşaqları da, xalauşaqları da, bibi, dayıuşaqları da hamısı eyni dərəcəli qohum evliliyidir və hamısında eyni dərəcədə genetik xəstəliklərlə rastlaşırıq. Araşdırmalara görə, yad evliliklərinə nisbətən qohum evliliklərində qüsurlu uşaqların doğulması ehtimalı iki dəfə çoxdur. Ona görə də qohum evliliyinə qərar verən cütlüklər ailə qurmazdan öncə və hamiləliyin ilk aylarında genetik araşdırmalar üçün həkim-genetiklərə müraciət etməlidirlər”, - həkim deyib.
Bütün qohum evliliklərində xəstə uşaqların doğulması ehtimalına gəlincə isə M.Müslümov bildirib ki, ilk dönəmdə olmasa belə, onların nəvə və yaxud nəticələrində xəstəlik özünü göstərəcək:
“Elə qohum evlilikləri var ki, onlarda heç bir xəstəlik yoxdur, uşaqlar da çox sağlamdırlar. Nəslə, şəcərəyə baxanda onlarda hər hansı genetik xəstəlik görmürük. Amma daşıyıcılıq var. Ona görə də ilk dönəmdə olmasa belə, nəvə və yaxud nəticələrində xəstəlik özünü necəsə büruzə verəcək”.
Qohum evliliyinin talassemiyaya səbəb ola bilməsi ehtimalına gəlincə isə həkim bunun doğru olmadığını bildirib:
“Azərbaycan endemik zonalardan biri olduğu üçün burada istər qohum, istər qeyri-qohum evliliklərində talassemiya xəstəliyinə rast gəlinir. Çünki insanlar arasında daşıyıcılıq çoxdur. Qeyri-qohum evliliklərində də bu xəstəliyə çox rast gəlirik. Ona görə də sırf qohum evliliyi talassemiyaya səbəb olur demək mümkün deyil”.
Əzizə İsmayılova