Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Facebook” səhifəsində paylaşım edib.
“Sinoptiklərimizin məlumatına görə, əvvəlcədən xəbər verdildiyi kimi dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur. Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 santimetr, Qusarda doqquz santimetr, Xınalıqda altı santimetr, Qubada üç santimetr, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 santimetrdir. Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması istisna olunmur. Əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində”.
İ.İbrahimova bildirib ki, şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir.