Cəmiyyətdən təcrid olunmalıdırlar...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Üç gündür ölkə dəyib bir-birinə, bir nəfər də demir ki, ölkədə nə qədər psixi xəstə var.  

Məlum hadisədən sonra hamımıza birdən agah oldu ki, ətrafımızda xeyli sayda dəli, şizofren, qısası nə deyirsən var. Və bu kimi adamların əksəriyyəti özlərini elə maskalayırlar ki, yüz il qala bunların xəstə olmasını təyin edə bilməzsən. Bəzən də belə insanların ailələri onların maskalanmasına hər cür leqal və qeyri-leqal imkanlar yaradırlar.

Məsələn bu günlərdə adını uşaqdan böyüyə hər kəsin əzbər bildiyi, ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov. 15 yaşında adam bıçaqlayıb, üç gün əvvəl isə məlum hadisəni törədib. 

Düzdür, onun dayısı açıqlamasında məsələni malalamağa çalışsa da, anlaşılan o oldu ki, ailə bu adamın problemini bilib, sadəcə ört-basdır edib. Elə anasının xalası da, dad elədi ki, “hər dəfə deyirdim ki, onu bizə gətirməyin”. Deməli təhlükəni görüblər, biliblər.

Dünəndən Xeber-ps.com-ın göndərdiyi sorğuya bir doğru-düzgün cavab verən olmayıb ki, bu adam hansı ruhi dispanserdə yatıb. Yatıbsa, niyə ailəsi onun bu cür ağır vəziyyətdə olmasını bilərək, azadlıqda olmasına imkan yaradıb? 

Yox, əgər dispanserdə olmayıbsa, deməli 15 yaşında törətdiyi cinayəti ört-basdır etmək üçün hansısa yollarla “dəlilik” kağızı alıb ki, onu məsuliyyətdən xilas etsin. 

Suallar açıq qaldıqca, ortaya yeni məqamlar çıxır. Musavat.com yazır ki, Əhməd Əhmədov həqiqətən də ağır psixi xəstə olub və onun xüsusi müalicəyə ehtiyacı olub. Lakin anası - mərhum Pikə Əhmədova daş atıb, başın tutub ki, oğlu xəstəxanada yatsa, bu, onun karyerasına ziyan gətirəcək.

Elə bunu oxuduqca ağlıma fikir bir gəldi. Madam ki, ana oğlunun ağır xəstə olduğunu və onun köməyə ehtiyacı olduğunu bilib, o zaman belə mülahizə irəli sürə bilərik ki, o, oğlunun ətrafdakılar üçün nə dərəcədə təhlükəli olduğunu düşünməyib. Ancaq özünü və öz karyerasını, reputasiyasını düşünüb? 

Mən heç bir halda bu fikri özümə yaxın buraxmaq istəmirəm. Çünki Pikə xanım məktəb direktoru olub... Yəni bu düşüncə ilə o minlərlə uşağın həyatına, təhsilinə qərar verib?

Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bunu da Musavat.com deyir.

Yaxşı, əgər bu xəstə gizli müalicə alıbsa, onu dərmanlarla kim və necə təmin edib?

Həkim adi antidepressant yazanda az qalırlar adamın evinin çıxarışını da adamdan tələb etsinlər. Reseptə ən azı iki möhür vurulur, nüsxəsi apteklərdə saxlanılır və s. 

İndi sual edirəm, bu ağır psixotrop dərmanlar necə Əhmədovlar ailəsinin əlinə keçib? Hansı yollarla?

Xəstə adamın azadlıqla olması, gizli müalicə alması, ağır psixotrop maddələrin kənar yollarla əldə olunması, hələ üstəlik bu xəstə adamın taksi fəaliyyəti ilə məşğul olması...

Bu azmış kimi ailəyə yaxın olanlar da deyirlər ki, son vaxtlar Əhməd heç dərmanları da içmirmiş. Hətta deyilənlərə görə qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanılıb. Atası Mehman Əhmədov da dad edib ki, Əhməd polisdə qalsa, epilepsiyası tutacaq və həyatını itirmək riski ilə üz-üzə qalacaq.

Amma burada yenə də maraqlı epizod görürük. Deməli zamanla Əhmədin tutmaları olub, aqressivləşib, dava salırmış. Ailəsi də onun üçün ayrıca ev, maşın alıb ki, bunlardan uzaq olsun. Yaxşı, ailədən uzaq olan, cəmiyyətdən uzaq olmur axı?

15 yaşında öz həmyaşıdına 18 bıçaq zərbəsi endirən adamı necə belə qorumaq olar? Çox təəssüf ki, Əhmədin sonuncu “tutması” beş nəfərin ölümü ilə nəticələndi. İki azyaşlı da nənə-babanın karyerasına qurban getdi...

Təbii ki, araşdırma aparılır, istintaq davam edir. Amma görəsən ortada nə qədər belə “papa-mama uşağı” var? Dəlilik kağızı cibində, maşını altında, pulu cibində cəmiyyətin içində...

Bəlkə də, o adamları dükanda görürük, birlikdə liftə minirik. Bəlkə də, elə bir vaxtlar taksi fəaliyyəti ilə məşğul olan Əhmədin maşınına neçə qız-gəlin, uşaqlı analar, atalar oturublar... 
Adam belə şeyləri düşündükcə, özü cəmiyyətdən təcrid olunmaq istəyir. Ümid edirəm bu hadisədən sonra eyni bu vəziyyətdə olanlar Pikə xanımın aqibətini gözə alarlar. Bəli, bu zarafat deyil. Təhlükəli şəxslər cəmiyyətdən təcrid olunmalıdırlar...

0.092673063278198