Ağdam rayonunda bir sıra türbə, körpü, məscid və hamamlar dövlət mühafizəsinə götürüləcək.
Xeber-ps.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının iclasında qərar qəbul edilib.
İclasda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işğaldan azad olunan ərazilərdə apardığı monitorinq və inventarlaşma işləri nəticəsində aşkar olunmuş obyektlər müzakirə edilib.
Şura üzvləri Ağdam rayonunun Əlimədətli, Boyəhmədli, Qızıl Kəngərli, Eyvazxanbəyli kəndlərində yerləşən türbələrin, Kəngərli kəndində yerləşən körpünün, Şahbulaq, Abdal və Gülablı kəndlərində yerləşən məscidlərin, Ağdam şəhəri və Gülablı kəndində yerləşən hamamların dövlət mühafizəsinə götürülməsi üçün müvafiq addımların atılmasını məqsədəuyğun hesab edib.