Xalqımızın qədim mədəniyyəti ilə bağlı mifoloji görüşlərlə zəngin olan mərasimlərdən biri də Xıdır Nəbidir (və ya Xızır) ki, mərasim Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində xüsusi olaraq qeyd edilir.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova “Report”a bu mərasimin rituallarından danışıb.
A.Cəfərova qeyd edib ki, Xıdır Nəbi (və ya Xızır) mərasimi Kiçik Çillənin ilk onuncu günü qeyd olunur:
“Xalq yaddaşında mövcud olan inanca görə, Xıdır Nəbidən (və ya Xızır) üç gün əvvəl, üç gün də sonra yel əsər. Bu yel Xıdır yeli adlanar. Və bu yel güclü olar. Yel əsməyə başlayanda hər tərəf toz-torpağa bürünər. Xalq söyləmələrinə görə, bu toz-torpaq Xıdırın əfsanəvi atının təpiyindən qopan tozdur. Xıdır öz gəlişini belə bildirər. Üç gün sonra əsən yel Xıdırın getdiyini bildirər. Yenə hər tərəf toza, dumana bürünər. Aləmə bolluq, bərəkət, istilik, yaşıllıq bəxş edən Xıdır, xalq inancına görə, özü yaşıl geyimli, atı isə boz rəngdədir”.
O bildirib ki, Xıdır Nəbi mərasimində ən çox sevilən nemət qovurğadır:
“Əgər əvvəllər təkcə buğda qovrulardısa, hazırda başqa dənli bitkilər də əlavə olunaraq qovrulur. Xıdır Nəbi mərasiminin simvolik yeməyi kimi undan və şərbətdən hazırlanan qovud istilik yaradan yeməkdir. Həm də ona görə hazırlanır ki, soyuq, sərt keçən çillə bu istilikdən “qorxsun”. Bu da insanların “ərköyün və ziyankar” Kiçik Çillənin onlara, təsərrüfata vuracağı ziyanın qarşısını almaq istəyini ifadə edir”.
Ümumiyyətlə, xalq mərasimlərində daha aktiv fəaliyyət göstərən qadınlar Xıdır Nəbinin icrasında da böyük aktivlik nümayiş etdirirlər. Mərasimin əsas diqqətçəkən “tələblərindən” biri də evlərdə təmizlik işlərinin icrasıdır. Və mərasimin xoş keçməsi, ilin bərəkətli, xeyirli olmasını arzulayan qadınlar evlərdə təmizlik işləri aparırlar. İnanca görə, insanlar üçün Tanrıdan bolluq diləyən Xıdır obrazı təmiz olan evdə çox qalar. Həm də həmin mərasim dönəmində insanlar bir-biri ilə mehriban münasibətdə olmalıdırlar.
Naxçıvan MR ərazilərindən topladığımız inanc nümunələrinə əsasən, Xıdır Nəbi mərasiminin fevral ayının 10-na qədər mövcud olan ilk cümə axşamında qeyd olunmağı məqbul sayılır. Bu da dini faktorların xalq mərasimlərinə, mərasim yaddaşına təsirinin nəticəsidir.
Xalqımızın mövsüm və məişət mərasimlərinin əsas mahiyyəti əxlaqi dəyərlərin qorunması və gələcəyə ötürülməsidir. Ümumtürk dəyərlərinin daşıyıcı olan bütün mədəni faktorlarımız qədim türk mədəniyyətinin dərinliklərini, o cümlədən mifoloji, fəlsəfi dünyagörüşünə aid olan məqamların təbliği və qorunmasıdır. Odur ki, bu mərasimlərimizin icrası kökü qədimlərdən qaynaqlanan mədəniyyət tariximizə hörmət və ehtiramı da ifadə etmiş olur.