Xəbər-PS məlumatına görə, Baku News-un suallarını cavablandıran Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib ki, işğaldan azad olunan ərazilərimizin siyahısının hər gün artması onu sevindirir və qürurlandırır.
- Dinarə xanım, cəbhədən hər gün yeni və xoş xəbərlər gəlir. Qələbə əhval-ruhiyyəsini hiss edirsinizmi?
- Əlbəttə. Biz hər gün qələbəyə bir az da yaxınlaşırıq. Torpaqlarımızın işğaldan azad olunması məni çox sevindirir. Bu sevinci bizim hamımıza yaşadan Azərbaycan ordusu və Ali Baş Komandan İlham Əliyevdir. Mən qəhraman əsgərlərimizlə fəxr edirəm.
- Cəbhə bölgəsində yaşayan insanlarda ruh yüksəkliyi haqda nə düşünürsünüz?
- Bilirsiz, bu 30 ilə yaxın xalqımız qisas gününü gözləyirdi. Şəhidlərimizin qisası mütləq alınmalı idi. Və bu arzu ilə xalqımız yaşayırdı. Artıq ordumuz əks-hücüma keçəndən sonra cəbhə bölgəsində yaşayan insanlar heç nəyi fikirləşmirlər və heç nədən qorxmurlar. Deyirlər ki, təki ordumuz torpaqlarımızı azad eləsin və torpaq uğrunda şəhid olanların ruhları şad olsun. Bu illər boyu bəzi insanlar belə bir təbliğat aparırdılar ki, illər keçdikcə Qarabağ yadımızdan çıxacaq, yeni nəsil bu faciəni dərk etmiyəcək və o qədər də maraq göstərməyəcək. Ermənilər də bunu istəyirdilər ki, bizim xalqımız Qarabağı unutsun. Amma əks-hücum, cəbhədə döyüşlər tam əksini göstərdi. Bizim gənclər vətənpərvər, mərd, hər an cəbhəyə getməyə hazır olduğunu nümayiş etdirdilər.
- Qarabağı tamamilə azad etdikdə sonra, ilk hara getməyi fikirləşirsiniz?
- İnşallah ilk olaraq Şuşaya. Xarı bül-bül gülünü görməyi çox arzulayıram. Sonra Xankəndinə və Qarabağın digər gözəl bölgələri görmək üçün səfər edərəm. Çünki Qarabağ Azərbaycandır!