Qubada qız şagirdlər arasında stolüstü tennis turniri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi, Quba şəhər 7 nömrəli tam tam orta məktəbinin müəllimi Müşfiq Rəsulov tərəfindən icra edilən “Sağlam məktəbli spartakiadası” qız şagirdlər arasında idman yarışlarının təşkili ” layihəsi çərçivəsində Quba rayonu Məckə-Xacə kənd tam orta məktəbində stolüstü tennis üzrə turnir keçirilib.

Turnirdə Quba rayonunun Məckə-Xacə, Qam-qam, Rustov, Şuduq, Püstəqasım, Səbətlər və Təngəaltı kənd tam orta, Növdün kənd ümumi orta məktəblərinin 7-9-cu siniflərində təhsil alan 30 nəfər qız şagird iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri Müşfiq Rəsulov layihənin qız şagirdlər üçün əhəmiyyətli olduğunu bildirib, bu kimi layihələrin qızların fiziki inkişafında və idmana marağının artırılmasında müstəsna rol oynadığını qeyd edib.

Rəsmi hissədən sonra yarışlara start verilib. Əsasnaməyə uyğun olaraq yarışlar həm şəxsi birincilik, həm də komanda birinciliyi formatında keçirilib.

Şəxsi birincilikdə qalib adını Quba rayonu Səbətlər kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Nuray Məmmədova qazanıb. İkinci yeri Püstəqasım kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Aydan Yarəliyeva, üçüncü yeri isə Quba rayonu Səbətlər kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Gülyaz Hüseynova tutub.

Qalib və mükafatçılar medal və diplomlarla təltif ediliblər.

Komanda birinciliyində isə qalib adını Quba rayonu Səbətlər kənd tam orta məktəbinin komandası qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Quba rayonu Rustov kənd tam orta və Püstəqasım kənd tam orta məktəblərinin qız tennisçiləri tutub.

Qalib və mükafatçılar kubok və diplomlarla təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində qız şagirdlərin iştirakı ilə voleybol və 3*3 basketbol idman növü üzrə də yarışlar təkil olunacaqdır.

Layihə 2024-cü ilin 15 aprel tarixinə qədər davam edəcəkdir.

0.091271877288818