Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Astarada altı yaşlı uşağın qızılcadan ölməsi barədə açıqlama verib.
Xeber-ps.com-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, rayonun Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlıya (kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müayinə və analizlərdən sonra qızılca diaqnozu qoyulub:
“Ona müvafiq tibbi xidmətlər göstərilib, profilaktik infuziya tətbiq edilib və xəstədə ağır əlamətlər müşahidə olunmadığından ambulator müalicə üçün evə buraxılıb. 08.02.2024-cü il tarixində xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb. Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub”.
12:11
Astara rayonunda altı yaşlı uşaq qızılcadan ölüb.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Maşxan kəndində baş verib.
Belə ki, kənd sakini - 2018-ci il təvəllüdlü Y.Ə.-də dörd gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət