Azərbaycan millisinin baş məşqçisi: “Dörd idman növündə oynamağım unikal göstərici deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dörd idman növündə oynamağım unikal göstərici deyil”.

Bunu “Report”a açıqlamasında çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov deyib.

Futbol, futzal və çimərlik futbolunda çıxış etmiş 44 yaşlı mütəxəssis bu günlərdə minifutbol üzrə Azərbaycan çempionatında mübarizə aparan “İnter” komandası ilə anlaşıb. O, hər bir növün özünəməxsus tələblərinin olduğunu söyləyib:

“Birini qumda, birini zalda, birini ot üzərində oynayırsan. Məncə, ən çətini çimərlik futboludur. Çünki torpaq üzərində topla oynamaq üçün həm fiziki, həm də texniki cəhətdən ikiqat güc sərf edirsən. Hamısında oynamağımı qeyri-adi hadisə saymıram”.

Zeynal Zeynalov digər üç növ üzrə millilərdə çıxış etməsinə baxmayaraq, minifutbol yığmasında oynamaq fikrində olmadığını bildirib:

“İnter”də çıxış edənlərin hamısı Azərbaycan futbol millisinin sabiq üzvləridir. Onlardan təklif gəldi, mən də qəbul etdim. Əslində, bu, peşəkar futbola qayıdış deyil. Əsas işim çimərlik futbolu üzrə yığmanın baş məşqçiliyidir. Hava şəraiti ilə əlaqədar milli hələ toplaşmır. Minifutbolda isə hər gün məşq olmur ki, bütün günümü buraya həsr etmək məcburiyyətində qalım”.

Qeyd edək ki, “İnter” doqquz turdan sonra minifutbol üzrə Azərbaycan çempionatında 16 xalla 8-ci pillədə qərarlaşıb.

0.068605899810791