Bakıda körpəyə səhv qan qrupu təyin edilib? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda yenidoğulmuşa səhv qan qrupu təyin edilib.

Bu barədə “Qafqazinfo”ya körpənin valideynləri məlumat veriblər.

Ata Rəhman Abbaszadə deyir ki, yanlışlıq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeydə alınıb.

Belə ki, 2022-ci ilin iyul ayının 31-də dünyaya gələn körpəyə müsbət rüzuslu I qan qrupu təyin olunsa da, sonradan bunun doğru olmadığı ortaya çıxıb. Valideynlər iddia edirlər ki, övladlarının müsbət rüzuslu III qan qrupuna aid olduğu sonradan müəyyənləşib. Qan qrupunun yanlış təyin olunduğu isə “ASAN xidmət”ə vəsiqə almaq üçün getdiklərində məlum olub.

Atanın sözlərinə görə, xəstəxanaya irad bildirsələr də, biganə yanaşılıb: “ASAN xidmət”də 2 dəfə analiz verildi və məlum oldu ki, səhvlik xəstəxanaya aiddir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu isə bizə laboratoriyada analizlərin qarışıq düşdüyünü çox rahat şəkildə bildirib. Həkim Cahan İslamovaya normal doğuş üçün 400 AZN ödəniş etmişik, lakin indi boynuna almır və problem həll edilmir”.

Məsələ ilə bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna sorğu göndərdik. 6 nömrəli doğum evi uşağa O (I) RH + qan qrupunun təyin olunduğunu təsdiqləsə də, iddianı tam əsaslı saymayıb:

“Qeyd olunan tarixdən 1 il 7 ay müddət keçdiyinə görə, uşağın qan nümunəsi laboratoriyada mövcud deyil. İddianın əsaslı və əsassız olduğu haqqında hər hansı fikir səsləndirmək qeyri-mümkündür”.

0.087081909179688