Bu gün Azərbaycan Respublikasının Xalq artisti, musiqişünas alim, professor, görkəmli mədəniyyət xadimi Əlibaba Məmmədovun doğulduğu gündür.
Xeber-ps.com xatırladır ki, Əlibaba Məmmədov 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub.
128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən, Türkmənistan Respublikasının Nebitdağ mədənlərində işləməyə göndərilib. Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Musiqi təhsilini 1953-58-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb.
1949-cu ilin oktyabrından isə müsabiqə yolu ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb.
1953-78-ci illərdə Filarmoniyanın, 1978-88-ci illərdə “Azkonsert” Birliyinin solisti olub.
1968-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı alətləri ansamblını yaradıb və onun bədii rəhbəri olub.
Gənc yaşlarından muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan xanəndə xalq ruhunda çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər (dəsgaha giriş - red.) bəstələyib. 1963-cü ildə respublikanın “Əməkdar artisti”, 1989-cu ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Müğənni kimi bir sıra fəxri fərmanlarla, həmçinin “SSRİ mədəniyyət əlaçısı” fəxri döş nişanı ilə də təltif olunub.
1992-ci ildə Əliağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə “Vahid” adına mükafata layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70 illik yubileyi ərəfəsində “Şöhrət” ordeni ilə təltif edilib. 8 fevral 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif olunub. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səs yazıları “AzTV”nin fondunda saxlanılır. Ə.Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.
Ə.Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib. Əlibaba Məmmədov həm də dəfələrlə muğam müsabiqələrində münsiflər heyətinin üzvü olub.
Xalq artisti Əlibaba Məmmədov müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin şərəfinə “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verib.
Əlibaba Məmmədovun üç qızı və bir oğlu olub, səkkiz nəvəsi, on dörd nəticəsi var.
Qeyd edək ki, Xalq artisti 1963-cü ildə “Azərbaycan SSR Əməkdar artisti” fəxri adı, 1989-cu ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adı, 2000-ci ildə “Şöhrət” ordeni, 2009-cu ildə “Qızıl çinar” beynəlxalq mükafatı, 2010-cu ildə “İstiqlal” ordeni, 2020-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.
25 fevral 2022-ci ildə 92 yaşında vəfat edib. Birinci Fəxri xiyabanda dəfn olunub.