Xaricdə işləyən Həcər xanım: “Uğurlu karyerada savad əldə etmək, sosial həyatda aktiv olmaq lazımdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkidə başlayan həyatı Avropaya qədər uzanıb. Deyir ki, məktəbdə oxuyarkən Bakıya gəlmək onun üçün önəmli addım idi. Amma karyerasının ardınca nəinki rayondan şəhərə köçüb, sərhədlər aşıb. Hazırda dünyanın aparıcı ölkələrində zavodlar inşa edən şirkətin üzvüdür.

“Kaspi” qəzetinin müsahibi ABŞ-Pentair şirkətində neft-kimya, bioqaz sənayesi istiqamətində proses mühəndisi Həcər Hidayətovadır. Həcər şirkətin Almaniya və Niderland ofisində fəaliyyət göstərir. 

Şəkidə anadan olub. Şəki şəhər 7 saylı orta məktəbi bitirdikdən sonra 609 balla Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisasına qəbul olur. Daha sonra həmin universitetin neft-qaz texnologiyaları ixtisasında magistratura təhsili alır. Həcəri əksər Avropada işləyənlərdən fərqləndirən cəhət Azərbaycanda təhsil alarkən Almaniyadan iş təklifi almasıdır. O, hazırda dünya ölkələrinin müraciət etdiyi şirkətdə karyerasını davam etdirməkdədir.

“Xaricdə yaşamaq mənim üçün mümkünsüz idi”

- Həcər xanım, Şəkidə təhsil alarkən Avropada işləməyi hədəfləyirdinizmi?

- Təsəvvür belə etmirdim. Əgər belə hədəfim olsa idi, magistratura təhsili üçün xarici seçər, müraciət edə bilərdim. Amma xarici ölkədə yaşamaq mənim üçün mümkünsüz idi. Hətta Bakıya köçüb yaşamağı belə böyük addım, önəmli hadisə hesab edirdim. 

- Yəqin ki, Şəkidən Bakıya gəlməyin belə, böyük addım hesab olunduğu ailəyə Avropada yaşamağı qəbul etdirmək çətin oldu.

- Bu, onlarda şok effekti yaratdı. Bakıya gəldikdə, işlərini mənə uyğunlaşdırıb, onlar da mənimlə köçmüşdülər. Avropaya köçməyimi qəbul etmək onlar üçün indi də çətindir. Çünki məsafə çoxdur və gec-gec görüşürük. Ona görə də çalışıram ki, Azərbaycana tez-tez gəlim, ailəmlə vaxt keçirim. Ailəm darıxsa da, mənimlə fəxr etdiklərini daim səsləndirir, dəstəkləyirlər. Yanlarında olmağımı istəyirlər, amma karyeram üçün əhəmiyyətli olduğunun da fərqindədirlər. 

“İş təklifini “Linkedin”dən aldım”

- Azərbaycan təhsili ilə bağlı fikirlər birmənalı deyil. Hətta “Avropada məşhur şirkətlərdə işləmək istəyirsənsə, mütləq xaricdə təhsil almalısan”, - deyə fikirlər var. Siz bu tabunu necə qırdınız?

- Karyeramda Azərbaycandakı təhsilimin və fəaliyyətimin rolu danılmazdır. Universitetə qəbul olarkən ingilis dili səviyyəm ən aşağı olaraq qeyd edildi. Dili öyrənməyə başlayanda çətinlik çəkirdim. Təhsil aldığım universitetdəki mühit, ətrafımda hər kəsin bilgili, savadlı olması məni rəqabətə sövq edir, daha da həvəsləndirirdi. Beş il sonra məzun oldum. Həmçinin, universitetimiz Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq edirdi. İmtahanlarımızı o universitetə verirdik, kitablarımız, dərs vəsaitlərimiz oradan gəlirdi. Məzun olduqda, oranın da diplomunu əldə etdim. Magistratura təhsili də həmin universitetlə əməkdaşlıq proqramı çərçivəsində hazırlanmışdı. Yəni Bakıda təhsil alarkən, universitet onların da təhsilindən yararlanmaq fürsəti tanımışdı. Təhsil alarkən auditoriyamıza xarici şirkətlərin nümayəndələri gəlir, tələbələrlə maraqlanırdı. Bizi əvvəlcə təcrübəyə dəvət edir, sonra işə qəbul edirdilər. Məsələn, İtaliya şirkəti tələbələr arasında apardığı müsahibələrdən sonra dörd nəfəri seçdi. Onlardan biri mən idim. Bakı ofisində doqquz aylıq inkişaf proqramı çərçivəsində təlim keçdim. Sonra bu şirkətdə kiçik layihə mühəndisi kimi işə başladım. Neft emalı zavodunun modernizasiya və yenidənqurma layihəsi üzrə işləyirdik. Yəni Bakıda yaşayarkən artıq xarici şirkətlərlə əməkdaşlığa başlamışdım.

- Bəs nə üçün İtaliya deyil, Almaniyanı seçdiniz?

- Bu qərarı pandemiyadan sonra verdim. 2020-ci ildə işlərimiz azaldı. Bu boşluqdan istifadə edərək alman dilini öyrənməyə qərar verdim. Daha sonra Gürcüstanda Höte imtahanında iştirak edərək, alman dili sertifikatını əldə etdim. Həm ixtisaslı kadr idim, həm də alman dilini bilirdim. Düşündüm ki, Almaniyada işləmək şansım var. Azərbaycanda yaşaya-yaşaya “Linkedin” sosial şəbəkəsində işlərə müraciət etməyə başladım. O qədər imtina aldım, amma hər dəfə təkrar müraciət etdim. Beş ay ərzində minlərlə müraciətim olub. Bu müddətdə bir çox müsahibələrdən keçdim, amma Almaniyada Avropa İttifaqı (Aİ) vətəndaşı olmayanlar üçün viza təsdiqi çətin olduğundan şirkətlərin əksəriyyəti geridönüş etmirdi. “Linkedin”də işlərə açıq olduğumu bəyan etdim. Gözləmədiyim bir vaxtda iş təklifi aldım. “Linkedin” profilimi bəyənmişdilər. Bundan sonra müsahibə proseslərini keçdim və “Pentair”də iş həyatım başladı. Şirkət ABŞ ilə yanaşı, Danimarka, Niderland, Almaniyada fəaliyyət göstərir. Dörd ay çəkən viza prosedurundan sonra Avropaya köçdüm.

“Sosial şəbəkələrdən düzgün istifadə etdikdə, faydaları inanılmazdır”

- “Pentair”də işiniz nədən ibarətdir? Ölkələr nə üçün sizin şirkətə müraciət edirlər?

- “Pentair” karbon qazını (CO2) təmizləyərək qiymətli məhsullara çevirir. Dünya ölkələri üçün layihələr edirik. Hətta Danimarkadakı şirkətimiz bu yaxınlarda Azərbaycan üçün də layihə etməyi planlaşdırır. Satış mərhələsi tamamlandıqdan sonra çox adam tərəfindən bilinən layihə olacaq. Biz burada daha çox təmiz karbon qazının alınması üçün fəaliyyət göstərir, təmiz yanacaq dediyimiz “Biogaz” üçün zavodlar inşa edirik. Mən də bu zavodların proses üzrə dizayn mühəndisiyəm. Bizə müxtəlif şirkətlər müraciət edir. Bunlar həm qida, həm də kimya sənayesi üzrə ola bilər. Qida sənayesi üçün daha çox qazlı içkilər və pivə şirkətləri üçün karbon qazı istehsal edən zavodlar tikirik. Kimya sənayesi üçün isə sənayedə istifadə olunan təmiz karbon qazı alınması üçün zavodlar inşa edirik. Yuxarıda qeyd etdiyim “biogaz”dan daha çox Avropa ölkələrində istifadə edilir. Bundan əlavə, fermalarda tullantıların yenidən istifadə olunması zamanında alınan çirkli qazların təmizlənməsi üçün dəstək oluruq. Bu qazlar təmizlənərək yanacaq kimi fermalarda, kimyəvi zavodlarda, yaxud çox böyük layihədirsə, məişətdə istifadə oluna bilər.

- Bəzi insanlar sosial şəbəkələrdən istifadəni vaxt itkisi hesab edirlər. Sizin Avropa macəranız isə məhz bu şəbəkələrlə başlayıb. Sizcə, bu platformalardan necə istifadə edilməlidir?

- Sosial şəbəkələrdən hansı məqsədlər üçün istifadə etmək əhəmiyyətlidir. Mən vaxt itkisi kimi dəyərləndirmirəm. Sosial şəbəkələr vasitəsilə çox dəyərli insanlar tanıyıb, dostluqlar qurmuşam. Təəssüflər olsun ki, Azərbaycanda “Linkedin”dən daha çox göstəriş üçün istifadə olunur. Amma daha yaxşı əlaqələr qurmaq, iş axtarmaq, karyera üçün ideal məkandır. Xaricdə iş axtarmağa başlayanda profilimi hazırladım. Detallı şəkildə nə işlər gördüyümü yazdım, diplomlarımı, sertifikatlarımı əlavə etdim. İndi də haradan sertifikat alsam, çalışıram ki, paylaşım. Məqsəd odur ki, bağlantımda olan şəxslər hansı biliyə malik olduğumu görsünlər və buna uyğun iş təklifləri alım. Bəzən görürəm ki, Azərbaycan “Linkedin”ində boş kontentli postlar paylaşılır, bu, məqsədəuyğun deyil. Sosial şəbəkələrdən düzgün istifadə etdikdə, faydaları inanılmazdır.

“Gələcəyə daha yaxşı investisiya qoymaq üçün bu ixtisası seçdim”

- Bəzi peşələr cinsə görə fərqləndirilir. Mühəndislik də, xüsusilə neft-qaz sahəsi üzrə bəzi bölgələrdə kişi sənəti kimi qiymətləndirilir. Sizdə bu sahəyə maraq necə yarandı?

- Əslində, ixtisas seçimimlə bağlı strateji addım atdım. Düzünü desəm, bu istəyə bağlı deyil, gələcəyə bağlı verilmiş qərar idi. Azərbaycan neft ölkəsidir və bu sahə ən çox inkişaf etmiş və gəlirli sahələrdən biridir. Topladığım balla gələcəyə daha yaxşı investisiya qoymaq üçün bu ixtisası seçdim. Bu kimi peşələrin cinsə görə fərqləndirilməsi ilə dəfələrlə rastlaşmışam. 

- Bəs strateji addımınızın hazırda əmək bazarındakı rolunu necə qiymətləndirirsiniz? Sizcə, yetərincə dəyər görürmü?

- Azərbaycanda son illərdə inkişaf etməyə başladığını düşünürəm. Dünyada isə bu sahə daha fərqli istiqamətdə irəliləyir. Məsələn, Avropada ətraf mühitə uyğun təbii qazların alınması, yaxşı kimyəvi məhsulların hazırlanması istiqamətində çox işlər görülüb. Azərbaycan neft-qaz ölkəsi olduğu üçün mühəndislik də məhz bu istiqamətdə inkişaf edir. Daha çox neft üzrə mühəndislər yetişdirilir, başqa sahələrə yönəlmir. Avropada neft yoxdur, buna görə fərqli - boya sahəsi, bioqaz, karbon, sulfur qazları sahələrində inkişaf edir. Hazırda bunlara dünyada daha çox tələb var.

“Hər gün ofisdə Azərbaycanın, yaxud şəhərinin adı çəkiləcək”

- Həcər xanım, Şəkidə böyüyən qızın uzaq ölkəyə təkbaşına köçməsinin və fərqli mühitdə işləməsinin çətinlikləri nədir? 

- Çox adam düşünür ki, əgər ölkəni tərk edib Avropaya getdinsə, deməli, hər şey əladır. Halbuki elə deyil. Burada hər şeyi təkbaşına etməlisiniz. Mədəniyyətləri də tam fərqlidir. Məsələn, maşınım yoxdur, bizdəki kimi taksilərdən istifadə rahat deyil. Yaxud kömək lazım olduqda sənə yardım əlini uzadacaq insan yoxdur. Evə köçürsünüzsə, hər şeyinizi özünüz almalı, daşımalısınız. Sözün əsl mənasında təksiniz. Mühit fərqlidir, heç kimi tanımırsınız. Psixoloji olaraq ilk vaxtlar tək yaşamaq çox çətin olur. İnsan dostları, ailəsi, evi, vətəni üçün çox darıxır. Bütün çətinlikləri gözə almaq lazımdır. Düzdür, maaşları bizdən yaxşıdır, amma çox qazanmaqla bərabər, o qazanca uyğun da xərcləməyə məcbursan. Maddi olaraq burada yaşamaq asan deyil. Məsələn, texnoloji alətlərin qiymətlərini müqayisə edirik. Amma nəqliyyata, kirayəyə gəldikdə, Azərbaycandakı qiymətlərdən qat-qat bahadır. Yaxşı maddi vəziyyəti olmadan gəlirsənsə, bu, çox böyük riskdir. Mən işi, gəlirləri zəmanət altına aldıqdan sonra köçməyi məsləhət görərdim. Müsbət tərəfləri isə iş mühitindəki sərbəstlikdir. Avropadakı iş mühiti daha rahatdır. İstədiyini deyə biləcəyin, müdirlə rahat münasibət qurula bilən mühitdir. Üst məqamlarla görüşmək, şikayətini bildirmək çox asandır. Azərbaycandakı şirkətlərin əksəriyyətində bu mümkünsüzdür.

- Dediniz ki, işlədiyiniz ölkələrin içində Azərbaycan da var. Maraqlıdır, digər ölkələrdən gələn layihə ilə vətənlə bağlı layihəni işləmək arasında hansı fərqlər var? Necə hiss edirsiniz?

- Mən Azərbaycan layihəsini gördükdə çox sevinmişdim. Çünki biz layihələri ölkənin və ya şəhərin adına görə adlandırırıq. Bir layihənin adı gündə 10 dəfə istifadə olunur və hamı tərəfindən tanınır. Hər gün ofisdə Azərbaycanın, yaxud şəhərinin adı çəkiləcək. Bu, məni xoşbəxt edir.

- Rayonlarda yaşayan şagirdlərin bəziləri üçün xaricdə təhsil almaq mümkünsüzdür. Xüsusilə, pulun yoxdursa, onlara görə bu, ancaq xəyal ola bilər? Həqiqətən belədirmi?

- Mənim kimi çalışaraq əldə etmək olar. Təhsilimə, işimə indiyə qədər pul xərcləməmişəm. Dövlət layihələri, proqramları çərçivəsində hər fürsətdən yararlanıb, müsahibələrə qatılmışam. Universiteti də pulsuz oxudum, işlədiyim şirkətə də öz biliyimlə seçildim. Təbii ki, ailəmin dəstəyi olub, onlar mənim üçün kirayə ev tutub, təhsil aldığım müddətdə maddi yardım ediblər. Mən də onlara dəstək olmağa çalışmışam. Hətta universitetdə oxuduğum vaxt son iki ildə kursda riyaziyyat müəllimi işləyirdim ki, xərclərimi çıxarım. Mənə görə, uğurlu karyerada ilk olaraq savad əldə etmək, ikinci də sosial həyatda aktiv olmaq lazımdır. Ən əsası, özünə yatırım etməlisən. Daha çox insanlarla tanış olmalı, qarşına hədəf qoyaraq o hədəfə doğru irəliləməlisən. Almaniyaya gəlmək istəyəndə mindən çox yerə müraciət etmişdim. Gündə 10 yerdən rədd cavabı alırdım, amma bu, məni məqsədimdən çəkindirmirdi. Təsdiq alana qədər müraciət etdim. Rayon, kənd, şəhər fərq etmir, əzmin varsa, istədiyin hər şeyə nail ola bilərsən.

Ləhcəmdən hər yerdə istifadə edirəm

- İnsan özünə necə yatırım etməlidir? İnkişaf üçün sizcə, ən vacib nüanslar nədir?

- Əgər üç saat boş vaxtım varsa, iki saatını özümün inkişafıma, bir saatını əyləncəyə sərf edirəm. Bu, artıq məndə adətə çevrilib. Boş vaxtımda nə isə oxumayanda, öyrənməyəndə vicdan əzabı çəkirəm. Özümə yatırım etməyəndə, özümü günahkar hiss edirəm. Bunun yaxşı hal olmadığını bilirəm, amma artıq vərdişdir. Beş il sonranı fikirləşərək hərəkət edirəm. Məsələn, bu dəqiqə ev və ya maşın alacaq qədər pulum varsa, ev alaram. Çünki maşının beş il sonra qiyməti aşağı düşəcək, amma evin qiyməti qalxacaq. Özünə yatırım edən insan hər addımda gələcəyi düşünərək hərəkət etməlidir. Məsələn, “şoppinq” etmək, dil öyrənmək seçimi arasında qaldıqda, düşünmək lazımdır ki, bir kofta alırsan, üç ay geyinirsən, bəyənmirsən və ya keyfiyyəti ölür, verdiyin pulla birlikdə zibil qabına gedir. Amma pulu dil öyrənməyə yatırdıqda, beş il sonra mütləq faydasını görürsən. Yatırımı balanslı etmək lazımdır. Bütün pulu geyimə yox, yarısını dilə, yarısını geyimə bölmək lazımdır. Mən universitet vaxtımda daha çox maddi olaraq ailəmə bağlı olduğumdan bunlara diqqət edirdim ki, ailəmi maddi gücə salmayım. Ailəm mənə pul xərcləyəndə bunu ancaq biliyimə sərf edirdim. 

- İngilis, alman, holland dilini öyrənmisiniz. Bunlar sizə şirin Şəki ləhcəsini unutdururmu? Ümumiyyətlə, xarici ölkədə ləhcəniz üçün darıxırsınızmı?

- Ləhcəmdən hər yerdə istifadə edirəm. Biz ailə arasında həmişə Şəki ləhcəsində danışırıq. Nə qədər dil öyrənsəm də, ləhcəmi unutmaram. Bütün “WhatsApp” mesajlarım hamısı Şəki ləhcəsindədir (gülür - A.Ə.). Bakıda ləhcəmizdən ancaq ailə daxilində istifadə edirdim. Almaniyada, Niderlandda isə insanlar anlamadığı üçün telefonla da tam sərbəst danışıram (gülür - A.Ə).

- Orada daha çox dostlarınız, isti münasibətlər üçün darıxdığınızı qeyd edirsiniz. Avropalılar soyuqdur?

- Soyuq deməzdim, amma hamı özünə, öz həyatına fokuslanıb. Heç kim heç kimin istər mənfi, istərsə də müsbət mənada həyatına qarışmır. Azərbaycanda bir az fərqlidir. Bizdə başqalarının həyatına müdaxilələr çoxdur. Heç tanımadığın, yolda gördüyün insan belə həyatına müdaxilə edə bilər. Ancaq Avropadakı kimi individiualizmin də mənfi tərəfləri odur ki, bir-birinə qonaq getmirlər. Yolda yıxılırsansa, heç kim kömək etmək istəmir. Hamı özünə fokuslanıb və həyatını yaşayır. 

0.10531306266785