Ölkəmizin ən qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin istifadə etməli olduqları sanitar qovşağın vəziyyəti görənləri şoka salıb. Xeber-ps.com xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yayımlanıb.
Hələ 2021-ci ildə bir əsri tamamlamasını təntənə ilə qeyd edən ali təhsil ocağında tələbələr üçün sanitar qovşaqların da, az qala, 100 yaşında olması videonu izləyən hər kəsi təəccübləndirib.
Videogörüntü ilə bağlı Xeber-ps.com-ın sorğusuna cavab olaraq ADPU-nun Mətbuat Xidmətindən bildirildi ki, həmin sanitar qovşaqla bağlı video ötən ilin sonlarına aiddir:
“Hal-hazırda sözügedən sanitar qovşaq təmir üçün istifadəyə bağlanıb. Təsərrüfat Şöbəsinə şikayət o vaxtdan bildirilib, məşğul olurlar”.
“Hazırda tələbələrin istifadə etdikləri sanitar qovşaqdan şəkillər varmı?” sualımıza isə Mətbuat Xidmətindən: “Universitetin binalarında sanitar qovşaqların sayı çoxdur. Hər binada alternativ sanitar qovşaqlar var və istifadə olunur. Hal-hazırda əlimdə şəkil yoxdur”, - cavabı verildi.
Əzizə İsmayılova