“Milyardların sevimlisi olsam da yenə sadə Nazim olacam”.
Bunu Lent.az-a müsahibəsi zamanı müğənni Nazim Pişyari (“Faytonçu”) deyib.
Onunla müsahibəni təqdim edirik:
- “Faytonçu Nazim” niyə məhz çörək dükanı açdı?
- Çörək bərəkətdir də. Bu çörəkləri xüsusi alman və fransız texnologiyası ilə, kimyəvi qatqı olmadan, kişmişlə mayalayaraq hazırlayırıq. Sağlam qida olsun, insanlara faydam toxunsun istədim. Bütün sənət adamları özlərinə əlavə bir iş qururlar. Sənətin də müəyyən bir ömrü var. Hara qədər oxuya biləcəm? Bilmirəm axı. Həm yavaş-yavaş toy bazarından çəkilmək istəyirəm.
- Niyə? İndi səsi olan da, olmayan da toy biznesinə can atır?
- Mən həmişə individual düşünmüşəm. Efirə şlyapada, pançoda ilk dəfə mən çıxmışam. Hamı necə edirsə elə yox, öz istədiyim, düz bildiyim kimi yaşayıram. Atam həmişə klassik üslubda, kostyum, qalstuk, şlyapa geyinirdi. Mən də düşünürdüm ki, böyüyüb onun kimi geyinəcəm. İndi sima olaraq bənzəməsəm də, atamın geyim üslubuna sadiqəm. Klassik estrada ifaçısıyam. Konservatoriyanı klassik estrada müğənnisi olaraq bitirmişəm. Sonradan bir az pul-paraya görə, üslubumu dəyişib fərqli janrlara üz tutdum.
- O cümlədən də şanson. Sizi şanson ifaçısı hesab etmək olar?
- Şanson da ciddi janrdır, bu janrda ifalarım olub. Efirdə ancaq klassika, toylarda şanson, ritmik musiqilər ifa edirəm. Şanson asan deyil. Mirzə Babayev kimi böyük müğənni Azərbaycanda ilk şanson ifaçısıdır. Toy bazarından getmək istəyimə gəlincə, yolu cavanlara vermək lazımdır. İstəmirəm kimsə məni toyuna çağıranda kənardan desinlər o qocalıb, daha oxuya bilmir. Hər aşiqin öz dövranı var. Vaxtında çəkiləndə daha qiymətli olursan, sənin üçün darıxmağa başlayırlar. Məsələn Elmira Rəhimova, Müslim Maqomayev vaxtında getdilər. Yaşlı nəsil səhnədən getməyi, cavanlara yol açmağı bacarmalıdır.
- Yol açdığınız cavanlar olub?
- Aygün Şükürova, Sevda Yəhyayevanın və bir neçə müğənninin yetişməsində rolum var. Müəllimlik etməmişəm, istiqamətləndirmişəm, yol göstərmişəm.
- Toy sənəti, sənətkarlığı böyüdür yoxsa kiçildir?
- Toy bilirsiniz nədir? Pul qazanmaq yeri. Oxuya bilən də, bilməyən də toya gedir. Əsl sənət başqadır. Heyf ki, indi efirlərimiz də pis gündədir. Keçmişdə yarımçıq müğənniləri efirə dəvət etmirdilər. Efir olub toyxana, kimi gəldi buraxırlar.
- Sizcə “Toylar kralı” kimdir?
- Hansı toya kim dəvət alıbsa, o toyun kralı odur. Elə bir titul yoxdur, öz aramızda uydurulmuş şeydir. Nə kral?
- Sizinlə dost olmaq üçün hansı xüsusiyyətləri daşımaq lazımdır?
- Sadəlik, dürüstlük, səmimilik. Mən ona necəyəmsə dostumdan da eyni münasibət gözləyirəm. Milyardların sevimlisi olsam da yenə sadə Nazim olacam. Bu dükana alıcılar gəlirlər, görürəm əməkdaşlarım çatdıra bilmirlər, özüm keçirəm piştaxtanın ardına, çörək satmağa. Alıcıların çoxu görüb təəccüblənirlər. Deyirəm eybi yox qoy gedib desin ki, Nazim mənə çörək satdı, xidmət göstərdi. Kişi üçün pul qazanmaq ayıb deyil.
- Özünüzü haralı hesab edirsiniz?
- 1968-ci il avqustun 26-da Lənkəranda doğulmuşam, amma mən qundaqda olanda ailəm Bakıya köçüb. Ruh etibarilə bakılıyam.
- Musiqiyə həvəs, sənətə gəlmək istəyi necə yarandı bəs?
- Dayım Əməkdar incəsənət xadimi Tələt Şahverdiyev truba ifaçısı idi. Maestro Niyazi ilə dünyanı gəzmişdi. Uşaqlıqda tez-tez dayımgilə gedirdim, Şövkət Ələkbərovanı, Nəsibə Zeynalovanı, Mirzə Babayevi, Gülağa Ağayevi, Anatollu Qəniyevi dayımgilin evində görüb tanımışam. Tez-tez ləziz Lənkəran mətbəxindən dadmağa gəlirdilər. Onların sənət barədə söhbətlərini eşidə-eşidə məndə musiqiyə məhəbbət yarandı. Klassik gitara və fortepiano siniflərini bitirdim, konservatoriyada Firudin Mehdiyevdən fərdi dərslər aldım. Akif İslamzadə, Nərminə Məmmədova, Rəşid Behbudov, Flora Kərimova kimi sənətkarların əhatəsində böyüdüm, onlardan öyrəndim. Hamısını ustadım hesab edirəm. Səhnəyə çıxarkən Flora xanımdan çox şey öyrənmişəm - düzgün tələffüz, duruş, ifa, səhnə geyimi. Ustad kimi ona borcluyam.
- Getdiyiniz məclislərdən yadınızda maraqlı nə qalıb?
- Bir dəfə toyda qızın anasının adı Gilas idi, oğlanın anasının adı Alma. Bu təsadüfə çox gülmüşdüm. Bir dəfə də toy sahibinin adı Bəbir, xanımının adı Maral, qızlarının da adı Ahu idi. Maraqlı gəlmişdi mənə.
- Toy idarə eləmək asan iş deyil, hər xasiyyətdə insan olur. Üstəlik də içki içəndən sonra insanlar özlərini fərqli şəkildə aparırlar. Özünüzü necə qoruyursunuz? Müğənnilərin toy məclisinə mühafizəçi ilə girməsinə necə baxırsınız?
- Görəndə ki, toyda həlləm-qəlləm adamlar var, onda ev sahibinə deyirəm ki, yaxın bildiyin adamlardan biri gəlib yanımda dayansın, o cavab versin qonaqlarına. O da ya qardaşını, ya oğlunu otuzdurur yanımda. Mühafizəçi ilə toya getmək nədir, özünü kimdən qoruyursan? Toyu idarə edən müğənni psixoloq olmalıdır. İçki məclisində hər şey ola bilər. Mən bu günə qədər özümə qarşı pis münasibət görməmişəm. Gərək özünü o yerə qoymayasan axı. Mən “atdanıb-düşən” müğənni deyiləm. İfamla yadda qalmaq istəyirəm. Oynayanlara pis baxmıram, mənə yaraşmaz, gülərlər.
- Yaradıcılığınızla bağlı nə planlar var?
- Mart ayında Almaniyada və İsraildə konsertim olmalıdır. Payızda Heydər Əliyev sarayında növbəti solo konsertim olacaq. Yeni mahnılar üzərində çalışıb, konsertlərə hazırlaşıram.