Ağ paltarların kölgəsində qalan talelər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ailə institutu dövlətin kiçik modeli, cəmiyyətin ilkin özəyidir. Azərbaycanda isə ailə həm də milli dəyərlərin əsas daşıyıcısı olaraq, sosial mahiyyəti ilə yanaşı, eyni zamanda, mənəvi anlamı ilə xüsusi əhəmiyyətə malikdir. Dəyərlərin aşınmaya məruz qaldığı qlobal mühitdə Azərbaycan xalqının ailə modeli müasirlik və eyni zamanda, ənənələrə sadiqliyi təcəssüm etdirən nümunə sayıla bilər.

Xalqımız tarixən ailə institutunu yüksək milli və əxlaqi dəyərlər çərçivəsində qoruyub saxlayıb. Əlbəttə ki, möhkəm və sağlam ailə həm də güclü cəmiyyət və dövlət deməkdir. Azərbaycanda müasir dövlət quruculuğunda bu məsələlər diqqət mərkəzində saxlanılır, ailə və nikah məsələləri qanunvericiliklə təfərrüatlı şəkildə tənzimlənib. Azərbaycan Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

Lakin bir sıra hallarda sağlam ailə institutuna xələl gətirən hadisələr meydana çıxır ki, bunlardan biri də erkən nikahlardır. Erkən nikah problemi, təəssüf ki, bu gün də cəmiyyətdə aktual problemlərdən biri olaraq qalmaqda davam edir. Mətbuatda yetkinlik yaşına çatmayan qızların adət-ənənələrdən və mental dəyərlərdən irəli gələrək yeniyetmə yaşında nişanlanması, zorla ərə verilməsi, məişət zorakılığına məruz qalması barədə məlumatlar hələ də yer alır. Statistik məlumatlar göstərir ki, mövcud qadağalara baxmayaraq, qızlar hətta 17 yaşına çatmadan faktiki nikah münasibətlərinə daxil olmağa məcbur edilirlər.

2023-cü ilin dekabrında Sabirabad rayonunda VII sinif şagirdi olan 12 yaşlı qızın nişanlanması bu faciəvi mənzərədən xəbər verir. Daha sonra mətbuatda xəbərlər paylaşıldı ki, həmin qızın valideyni məsuliyyətə cəlb edilib. Oxşar xəbərlər mətbuatda dəfələrlə işıqlandırılsa da, bir çox hallarda ailələr bu məlumatların “sirr” kimi saxlanılmasına nail olur və ictimai qınaqdan, məsuliyyətdən yayına bilirlər. Digər tərəfdən, hətta mətbuata sızan xəbərlər belə tam reallığı və problemin miqyasını əks etdirmir. Ümumiyyətlə isə, evliliyə dair həqiqi razılıq vermək iqtidarında olmayan şəxsin nişanlanmağa və ya nikaha daxil olmağa məcbur edilməsi sağlam yanaşma deyil və nəticə etibarilə uşaqların cinsi istismara, fiziki və psixoloji zorakılığa məruz qalmasına və təhsildən uzaqlaşmasına səbəb olur, bununla da sağlam ailələrin, o cümlədən cəmiyyətin formalaşmasına mənfi təsir göstərir.

Ailə münasibətləri kontekstində digər əhəmiyyətli məsələlərdən biri isə ölkəmizdə tez-tez baş tutan qohum evlilikləridir. Belə nikahlarda dünyaya gələn uşaqların genetik xəstəliklərlə doğulması riski daha yüksək olur.

Erkən nikah, erkən yaşda nişanlanma və qohum evliliklərinin gətirib çıxardığı ağır nəticələr haqqında dəfələrlə mətbuatda xəbərlər paylaşılıb, dövlət orqanları, qeyri-hökumət təşkilatları, ictimaiyyət nümayəndələri tərəfindən məlumatlandırma və maarifləndirmə işləri aparılıb. Valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və ya hər hansı digər səbəblərdən baş verməsindən asılı olmayaraq, erkən nikah, erkən nişanlanma və qohum nikahı problemləri digər ölkələrdə olduğu kimi Azərbaycanda da hələ ki mövcuddur və bu, ciddi narahatlıq doğuran bir məsələdir. Bu isə, öz növbəsində, bu sahədə daha qətiyyətli tədbirlərin görülməsinin aktuallığını daha da artırır.

Erkən nişanlanma hallarında real azalma tempinin müşahidə edilməməsi müəyyən yaşa, məsələn 16 yaşa çatmayan şəxslərin nişanlanmasının qanunvericilik səviyyəsində qadağan edilməsinə dair çağırışları daha da gücləndirir. Qüvvədə olan qanunvericilikdə nişan, yəni şəxslərin gələcəkdə nikaha daxil olmaları barədə qeyri-rəsmi razılaşma hər hansı bir hüquqi nəticəyə səbəb olmasa və tərəflər nikaha bunun üçün qanunda müəyyən edilmiş nikah yaşına çatdıqdan sonra daxil olsalar belə, uşaqların erkən yaşda nişanlanması praktikası ciddi sosioloji və hüquqi problemlərə yol açır. Belə ki, 16 yaşa çatmayan şəxslər fiziki, əqli, emosional, cinsi və psixi inkişaf səviyyələrinə görə, habelə həyat əhəmiyyətli seçimlərin alternativliyi barədə məlumatlı olmadıqlarından, demək olar ki, heç vaxt nikaha daxil olmağa, yəni öz gələcək həyatları ilə bağlı ən əhəmiyyətli qərarlardan birini verməyə dair həqiqi razılıq vermək və öz tərəfdaşlarını sərbəst seçmək iqtidarında olmurlar. Bu baxımdan, nişan erkən yaşda tərəflərin ailə qurmaq barədə iradəsini ifadə etmir və şəxs əksər hallarda nikah yaşına çatdıqdan sonra öz iradəsi əsasında deyil, onu nişanlanmağa cəlb edən digər insanların iradəsinə əsasən nikaha daxil olmağa məcbur qalır. Digər sözlə, şəxsin nişanlanmağa verdiyi razılıq faktiki olaraq onun razılığını deyil, həmin şəxsin valideynlərinin razılığını ifadə edir.

Erkən nişanlanma uşaqların bir çox hallarda konstitusiyada təsbit edilmiş təhsil almaq, əmək, öz şəxsi həyatı ilə bağlı digər qərarlar qəbul etmək kimi hüquqlarının məhdudlaşmasına səbəb olur, habelə nişanlanmış şəxslərin psixi və emosional sağlamlığına ciddi zərbə vurur, onları daim sosial stiqma ilə yaşamağa vadar edir. Təcrübədə bir çox hallarda erkən yaşda nişanlanmış uşaqlar təhsildən yayınır, gələcəkdə təhsillə, o cümlədən karyera ilə bağlı planları realizə etmək hüquqlarından məhrum edilirlər. Nəzərə alınmalıdır ki, cəmiyyətin təhsil səviyyəsi və mədəni vəziyyəti onun dünyadakı statusunu və rolunu müəyyən edən ən mühüm amillərdəndir. Cəmiyyət isə ailələrlə, fərdlərlə formalaşır və ailədə başlayan tərbiyə sonrakı illərdə təhsilə böyük təsir göstərir. Ailədə uşaqların tərbiyəsində ilk və ən mühüm element, şübhəsiz ki, anadır. Sağlam, təhsilli analar isə cəmiyyətin faydalı üzvünü formalaşdırır. Odur ki, qadınların təhsildən kənar qalması həm də cəmiyyətin gələcək inkişafına təsir edir.

Bəzi hallarda erkən yaşda nişanlanma azyaşlıların qanunla müəyyən edilmiş nikah yaşına çatana qədər artıq faktiki nikah münasibətlərinə daxil edilməsinə səbəb olmaqla bu cür şəxslərin cinsi istismara məruz qalmasına şərait yaradır. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci ilə olan məlumatlarına əsasən, 2022-ci ildə 15-17 yaş qruplarında olan qadınlar tərəfindən 2011 uşaq dünyaya gətirilib, bunlardan 1880-i həmin qadınların birinci, 120-si həmin qadınların ikinci, 11-i isə üçüncü uşağı olub. Erkən yaşda nikah münasibətlərinin qurulması ailələrin erkən dağılması, uşaqların ölü doğulması kimi problemlərlə yanaşı, azyaşlıların fiziki və psixoloji zorakılığa məruz qalması, habelə qətlə yetirilməsi ilə də nəticələnə bilir.

Beynəlxalq müstəvidə də şəxslərin nikaha daxil olmasının onların sərbəst və həqiqi razılığına əsaslanması tələb edilir. Belə ki, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 23-cü maddəsinin 3-cü hissəsi, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu maddəsinin 1-ci hissəsi hər iki tərəfin nikaha sərbəst və tam (həqiqi) razılıq əsasında daxil olmaları tələbini təsbit edir. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nın 16-cı maddəsi dövlətlər üzərinə şəxsin öz tərəfdaşını sərbəst seçmək hüququnu və nikaha sərbəst və tam (həqiqi) razılıqla daxil olmaq hüququnu təmin etmək öhdəliyi qoyur. Həmin Konvensiyanın 16-cı maddəsinin 2-ci hissəsi təsbit edir ki, uşaqların nişanlanması və nikaha daxil olması heç bir hüquqi nəticəyə səbəb olmayacaq. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nın ümumi tövsiyələri ilə üzv dövlətlərə qadınların öz tərəfdaşlarını sərbəst seçmək hüququna zidd hesab olunduğu üçün qızların nişanlanması təcrübəsini ləğv etmək, habelə erkən doğuş nəticəsində yaranan fiziki və emosional zərərin qarşısının alınmasında mühüm amil kimi Konvensiyanın uşaqların nişanlanmasını və evlənməsini qadağan edən maddəsini nəzərə almaq tövsiyə olunub.

Əlavə olaraq, 50 Afrika dövləti tərəfindən ratifikasiya edilmiş “Uşaq Hüquqları və Rifahı haqqında Afrika Xartiyası” ilə azyaşlı qız və oğlan uşaqlarının nişanlanması qadağan edilib, üzv-dövlətlərin üzərinə bununla bağlı bütün zəruri dövlətdaxili qanunvericilik qəbul etmək və digər tədbirlər həyata keçirmək öhdəliyi qoyulub. Həmçinin BMT-nin Uşaq hüquqlarının Qorunması Komitəsinin mövqeyinə əsasən, “Uşaq hüquqları haqqında Konvensiya” uşaqların nişanlanması və nikahına da tətbiq edilir və Konvensiyanın 24-cü maddəsinin 3-cü bəndi üzv dövlətlər üzərinə uşaqların sağlamlığına xələl gətirə biləcək ənənələrin və adətlərin ləğv edilməsinə dair bütün tədbirləri həyata keçirmək öhdəliyi qoyur. Bir sıra digər beynəlxalq və regional sənədlərlə də üzv dövlətlər üzərinə nikaha hər iki tərəfin sərbəst və tam (həqiqi) razılığı ilə daxil olmasının təmin edilməsi üçün bütün tədbirləri həyata keçirmək öhdəliyi qoyulub.

Erkən nişanlanma və nikah təcrübəsinin sosioloji problem kimi hələ də mövcud olduğu bir sıra xarici ölkələrin qanunvericilik aktlarında uşaqların nişanlanması qadağan edilməklə yanaşı, buna görə məsuliyyət tədbirləri də müəyyən edilib. Məsələn, Çin, Cənubi Afrika Respublikası, Filippin, Keniya, Malavi, Qambiya, Liberiya və Mozambikdə uşaqların, o cümlədən nikah yaşına çatmayan şəxslərin nişanlanması, habelə onların adından nikah vədi verən digər hərəkətlərin edilməsi qanunla qadağan edilib. Bəzi ölkələrdə isə sözügedən hərəkətlərə yol verən şəxslərə cərimə və ya azadlıqdan məhrumetmə kimi məsuliyyət tədbirləri tətbiq edilir.

Erkən nişanlanma problemi erkən nikahla sıx bağlıdır. Hesab edirəm ki, bugünkü reallıq, erkən nikah statistikasında əhəmiyyətli irəliləyişin olmaması, bölgələrdə bu halların hələ də geniş vüsət alması nikah yaşının azaldılması prosesinə dövlət nəzarətinin gücləndirilməsini də şərtləndirir. Qanunvericiliyə əsasən nikah yaşı 18 olsa da, üzrlü səbəblər olduqda yerli icra hakimiyyəti orqanları şəxslərin müraciəti əsasında nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərlər. Qanunvericilikdə sözügedən üzrlü halların dairəsinin müəyyən edilməməsi qanunun verdiyi imkandan sui-istifadə hallarının artmasına şərait yaradır və neqativ sosioloji nəticələrə səbəb olur.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2022-ci ildə nikahın davametmə müddətinə və boşananların yaş qruplarına görə boşanmalar üzrə nəşr edilmiş statistik məlumatlara əsasən, qadınlar üzrə 18 yaşadək 3, 18 yaşında 31, 19 yaşında 136, 20-24 yaş qruplarında isə 2026 boşanma halı qeydə alınıb. Bundan əlavə, 2022-ci ildə qeydə alınan 61 939 nikahdan 38 190-da, yəni yarıdan çoxunda qadınlar 17-24 yaş qruplarında olub, bunlardan 270 nikah yaşı 18-dək olan qadınlarla bağlanılıb. Bu statistik məlumatlar erkən yaşda nikaha daxil olan qadınlar arasında boşanma göstəricilərinin yüksək olduğunu, erkən yaşda nikaha daxil olma təcrübəsinin hələ də geniş yayıldığını əks etdirir.

Bu sahədə aparılmış araşdırmalara və beynəlxalq təşkilatların hesabatlarına əsasən, erkən nikah bir çox hallarda 18 yaşa çatmayan qızları öz şəxsi həyatları barədə müstəqil qərar qəbul etmək hüquqlarından məhrum edir. Belə ki, erkən uşaq dünyaya gətirmək qızlar və gənc qadınlar üçün təhsil, məşğulluq və digər iqtisadi imkanların təmin edilməsində əhəmiyyətli maneələr yaradır. Əlavə olaraq, erkən nikah bir sıra araşdırmalarda qadınların məişət zorakılığının qurbanı olması riskinin artması ilə assosiasiya edilir, qadınların psixi, fiziki və emosional sağlamlığına ciddi ziyan vurur və onların sosial baxımdan təcrid olunmasına gətirib çıxarır, habelə ailədə gender bərabərsizliyinin güclənməsinə yol açır. Bununla yanaşı, erkən yaşda hamiləlik və uşaq dünyaya gətirmək qadınların sağlamlığı (o cümlədən reproduktiv sağlamlığı) üçün təhlükə yaradır, qadını ailə planlaması məsələlərində qərar qəbul etmək hüququndan məhrum edir. Belə ki, erkən və tez-tez hamiləlik, habelə hamiləliyin məcburi davam etdirilməsi hallarına erkən nikahlarda tez-tez rast gəlinir. Bunlar isə ana və körpəsinin xəstəlikləri, eləcə də onların ölüm göstəriciləri ilə sıx bağlıdır (Report of the Office of the United Nations High Commissioner for Human Rights on Preventing and eliminating child, early and forced marriage). Bununla bağlı olaraq Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərində də tez-tez hamiləliklə bağlı ağırlaşmalar gənc qadınların ölüm səbəblərindən biri kimi qeyd olunur.

Xarici ölkələrin qanunvericilik aktlarında nikah yaşının azaldılmasının ayrı-ayrı xüsusiyyətləri müəyyən edilib. ABŞ-nin ştatları üzrə nikah yaşı müxtəlif olsa da, 5 ştatda minimum nikah yaşı müəyyən edilməyib 6 ştatda 21 yaşına, 3 ştatda 22 yaşına, 1 ştatda isə 20 yaşına çatmış şəxslərin yetkinlik yaşına çatmayan şəxslərlə nikaha daxil olması, 10 ştatda isə ümumiyyətlə yetkinlik yaşına çatmayan şəxslərin nikahı qadağan edilib. Post-sovet ölkələrində, Avropa İttifaqına daxil olan ölkələrin bir çoxunda, eləcə də Türkiyə Respublikasının təcrübəsində nikah yaşına çatmamış şəxslərin nikahına yalnız üzrlü hallarda (məsələn, hamiləlik və s.), valideynlərin razılığı və ya inzibati qaydada qəbul edilən qərar/məhkəmə qərarı əsasında icazə verilir. Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İsveç, İsveçrə, Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə nikah yaşının 18 yaşdan aşağı salınmasına icazə verilmir. Bir sıra dövlətlərdə isə qadınlar və kişilər üçün fərqli nikah yaşları müəyyən edilib. Belə ki, Banqladeşdə kişilər üçün bu yaş 21, qadınlar üçün 18, İndoneziyada kişilər üçün 21, qadınlar üçün 19, Vyetnamda kişilər üçün 20, qadınlar üçün 18-dir. Həmçinin nikah yaşını ümumiyyətlə 18 yaşdan yuxarı müəyyən edən ölkələr də mövcuddur. Çində bu yaş 22, Hindistan və Filippində isə 21 olaraq müəyyən edilib.

Qadın və uşaq hüquqlarının qorunması sahəsində bir sıra beynəlxalq sənədlər, habelə bu sahədə fəaliyyət göstərən təşkilatlar 18 yaşı nikaha daxil olmanın ən aşağı həddi hesab edir və qanunvericilikdə nikah yaşının aşağı salınmasına dair istisna halların müəyyən edilməsini məqsədəmüvafiq hesab etmir. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nın 16-cı maddəsinə əsasən üzv dövlətlər ailə münasibətlərində qadınlara qarşı ayrı-seçkiliyin qarşısını almaq üçün tənzimləyici tədbirlər görməli və uşaqların erkən nikaha daxil edilməsinin hüquqi nəticələrini etibarsız hesab etməlidirlər. Konvensiyada iştirakçı dövlətlərdən həmçinin öz qanunvericiliklərində minimum nikah yaşını təsbit etmək tələb olunub. BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi və Uşaq Hüquqları üzrə Komitəsi isə iştirakçı dövlətlərə nikahın minimum yaşı ilə bağlı istisnaları aradan qaldırmağı və valideynlərin razılığından asılı olmayaraq qadınlar və kişilər üçün minimum nikah yaşını 18 olaraq müəyyən etməyi tövsiyə ediblər. Həmçinin Qadınlara qarşı ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitə və İşgəncələrə qarşı Komitə uşaq nikahını həm qısa, həm də uzunmüddətli fəsadlara gətirib çıxaran, fiziki, əqli və ya cinsi zərər və ya iztirablara səbəb olan zərərli təcrübə kimi qiymətləndirib (Report of the Office of the United Nations High Commissioner for Human Rights on Preventing and eliminating child, early and forced marriage).

“Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasında (“İstanbul” Konvensiyası) erkən nikahlar uşaqlara qarşı zorakılıq adlandırılıb və erkən nikah cinsi istismarı da ehtiva etdiyindən bu, Konvensiyanın tələblərinə zidd hesab edilib. 2012-ci ildə Qadınlara qarşı ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitə, Uşaq Hüquqları Komitəsi, BMT Baş Katibinin Uşaqlara qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsi və Qadınlara qarşı ayrı-seçkilik Məsələsi üzrə İşçi Qrup birlikdə dövlətləri istisnasız olaraq həm qızlar, həm də oğlanlar üçün nikah yaşını 18 yaşa qədər artırmağa çağıran birgə bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, erkən nikah ənənəvi, dini, mədəni və ya digər iqtisadi səbəblərlə əsaslandırıla bilməz.

BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilən “Uşaq hüquqları haqqında Konvensiya”nın 1-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş hallar istisna olmaqla 18 yaşına çatanadək uşaq hesab edilir. Bundan əlavə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsi qeyd edib ki, “Uşaq Hüquqları haqqında Konvensiya”nın bir sıra müddəaları, o cümlədən 24-cü maddənin 3-cü bəndi erkən nikah məsələsinə tətbiq edilə bilən hesab edilməlidir. Komitənin mövqeyinə görə, Konvensiyaya üzv olan dövlətlər uşaqların sağlamlığına xələl gətirən ənənəvi təcrübələri ləğv etmək üçün bütün tədbirləri görməlidirlər. Bununla yanaşı, BMT-nin İnsan Hüquqları Komitəsinin mövqeyinə əsasən, nikah yaşı elə olmalıdır ki, qanunla müəyyən edilmiş şərtlər daxilində hər bir şəxs nikaha daxil olmağa sərbəst və tam (həqiqi) razılıq verə bilsin. Dövlətlər minimum nikah yaşının beynəlxalq standartlara uyğun olmasını təmin etməli və qızların erkən nikahının qarşısının alınması üçün tədbirlər görməlidirlər (Report of the Office of the United Nations High Commissioner for Human Rights on Preventing and eliminating child, early and forced marriage).

Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, nikaha daxil olma yaşının azaldılmasının yalnız istisna xarakter daşıyan üzrlü səbəblər olduğu hallarla məhdudlaşdırılması və bununla bağlı həyata keçirilən prosesə dövlət nəzarətinin gücləndirilməsi (məsələn, nikah yaşının azaldılması ilə bağlı müraciət zamanı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyinin alınması, 18 yaşdan aşağı nikaha daxil olmaq istəyən şəxsin sağlamlığının buna imkan verməsinin müəyyən edilməsi məqsədilə həmin şəxsin tibbi müayinədən keçməsi tələbinin müəyyən edilməsi) təmin edilməlidir.

Qeyd etdiyim kimi, ailə məsələlərində üçüncü əsas problem qohum evliliyinin geniş yayılmasıdır. Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən yaxın qohumlar arasında nikah qadağan edilib. Yaxın qohumlar dairəsinə yalnız valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar aid edilib. Cəmiyyətdə ailə və ya dini adət-ənənələrin qorunub saxlanması və bu kimi digər səbəblərdən qohumların nikahı daha çox arzu olunan və etibarlı evlilik seçimi kimi qəbul edilir. Buna baxmayaraq, ata və ananın qardaşları və ya bacıları ilə həmin ata və ananın övladları arasında (üçüncüdərəcəli qohumlar), həmçinin ata və ananın qardaşları və ya bacılarının övladları ilə həmin ata və atanın övladları arasında (dördüncüdərəcəli qohumlar) olan nikahın tibbi fəsadlarını nəzərə alaraq, bu cür nikahlar arzuolunan hesab edilmir. Hesab edirəm ki, bu problemin qarşısının alınması yollarından biri üçüncü və dördüncüdərəcəli qohumların ailə hüquq münasibətlərində yaxın qohumlar dairəsinə daxil edilməsi və bununla da, bu cür qohumlar arasında nikahın qadağan edilməsidir.

Tədqiqatlar göstərir ki, yaxın qohumlar arasında nikahın ən mühüm fəsadlarından biri məhz bu nikahların sağlamlıq problemlərinə səbəb olmasıdır. Belə ki, bu tip evliliklər qan qohumluğuna əsaslanır və bu, həmin nikahdan doğulan şəxslərə müəyyən genetik xəstəliklərin ötürülməsi riskini artırır. Tədqiqatlar həmçinin göstərir ki, yaxın qohum nikahları “autosomal recessive” xəstəliklərin (kistik fibroz, oraq hüceyrəli anemiya, “Tay-Sachs” xəstəliyi və s.) çoxalmasına şərait yaradır (Effects of consanguinity in a cohort of subjects with certain genetic disorders in Qatar, Mol Genet). Belə ki, valideynlər arasında bioloji qohumluq nə qədər yaxın olarsa, onların övladlarına bir və ya daha çox zərərli genin eyni nüsxələrinin keçməsi ehtimalı bir o qədər yüksək olur. Dördüncüdərəcəli qohumların genlərinin 12,5 faizinin (1/8) ortaq olacağı ehtimal olunur, bununla da orta hesabla, onların birgə nikahdan olan övladları 6,25 faiz (1/16) iki eyni gen cütünə (homoziqot) malik olur (Consanguineous marriages, Hanan Hamamy). Üçüncüdərəcəli qohumlar arasında nikahda isə bu cür qohumların genlərinin 25 faizinin (1/4) ortaq olması ehtimal edilir və bununla da, bu cür nikahdan olan övladlar 12,5 faiz (1/8) eyni gen cütünə malik ola bilərlər. Bununla da yeni bir fərd zərərli genin iki eyni nüsxəsini alarsa, həmin şəxsdə genetik xəstəliklərin olması ehtimalı daha yüksək olur (“Cousin Marriage” Scholarly Community Encyclopedia, October 2022).

Yaxın qohumların nikahının reproduktiv sağlamlığa təsiri ilə bağlı araşdırmalar göstərir ki, qohum olmayan nikahlardan fərqli olaraq yaxın qohum nikahlarında erkən doğuş və körpə ölümü göstəriciləri, habelə körpədə doğuş qüsurlarının olması halları ilə bağlı göstəricilər daha yüksəkdir (Consanguinity: A Risk Factor for Preterm Birth at Less Than 33 Weeks’ Gestation, National Library of Medicine of USA, 2010).

Xarici ölkələrin qanunvericilik aktlarında yaxın qohumlar arasında nikahın qadağan olunmasının ayrı-ayrı xüsusiyyətləri mövcuddur. Belə ki, Türkiyə Respublikasında, Gürcüstanda, Ukraynada, İspaniyada, Bolqarıstanda, ingilisdilli ölkələrin bir çoxunda, o cümlədən Böyük Britaniyada, Yeni Zellandiyada üçüncüdərəcəli qohumların nikaha daxil olması qadağandır. ABŞ-də üçüncüdərəcəli qohumların hər hansı münasibəti insest hesab edilir və əksər ştatlarda bununla bağlı cinayət məsuliyyəti müəyyən edilir. Belçika Krallığında isə bu cür evliliklərə yalnız xüsusi hallarda məhkəmə qərarı əsasında icazə verilir. Dördüncüdərəcəli qohumlara gəlincə, ABŞ-nin 24 ştatında doğma qardaş və bacıların uşaqları arasında nikah qadağan edilib. 6 ştatda isə həmin şəxslərin nikahına yalnız istisna hallarda, məsələn, hər iki tərəf 65 yaşdan yuxarı və ya sonsuz olduqda yol verilir. Asiya ölkələrindən Çin, Tayvan, Cənubi Koreya, Vyetnam və Tacikistanda, Avropa ölkələrindən isə Rumıniya, Bolqarıstan, Serbiya və Makedoniyada dördüncüdərəcəli qohumlar arasında nikah qadağan edilib. İsveçdə 2023-cü ilin sentyabr ayından dördüncüdərəcəli qohumlar arasında nikahın qadağan edilməsi təcrübəsinin araşdırılması və buna dair təkliflərin verilməsi ilə bağlı hökumətə tapşırıqlar verilib.

Ümumilikdə, ölkələr üzrə rəsmi statistikalara nəzər saldıqda, yaxın qohumlar arasında nikahın Yaxın Şərq və Afrika ölkələrində daha çox yayılmış olduğu görünür. Avropa ölkələrinin təcrübəsində isə digər cəmiyyətlərə nəzərən yaxın qohum evliliklərinin sayının xeyli aşağı olduğu və belə nikahların çoxunun miqrantlar tərəfindən bağlanıldığı nəzərə çarpır. Din bunun əsas səbəblərindən biri kimi çıxış edir. Belə ki, katoliklərə görə dördüncü dərəcəyə qədər qohumların nikahı insest sayılır. Pravoslavlarda və protestantlarda da bu kimi tabular mövcuddur. Başqa bir səbəb isə inkişaf etmiş cəmiyyətlərdə bu cür evliliklərin bəyənilməməsi və sağlam hesab edilməməsidir.

Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri sırasında 2030-cu ilə qədər hamının cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi, o cümlədən bütün qarşısı alına bilən ölüm hallarına son qoymaqla yenidoğulmuş, uşaq və ana ölümlərinin azaldılması, ailə planlanması, bu sahədə məlumatlandırma və təhsil üçün əlçatanlığın təmin edilməsi kimi hədəflər müəyyən edilib. Bundan əlavə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nın Ümumi Tövsiyələrində üzv dövlətlərə qadınların həyat yoldaşları ilə qan qohumluğuna əsaslanmaqla evləndirilməsinin onların nə vaxt və kiminlə evlənməyi seçmək hüquqlarına zidd olduğundan bu kimi hallara nəzarətin həyata keçirilməsini təmin etmək tövsiyə edilib.

Qeyd edilməlidir ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarla “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Həmin Qaydaya əsasən, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə, yəni onun tibbi (o cümlədən reproduktiv sağlamlıqla bağlı), psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadlarına dair məlumatlandırma və maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına tapşırıqlar verilib. Qaydalarda qohumlar arasında nikah dedikdə baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında bağlanılmış nikah başa düşülür. Bu isə həm üçüncüdərəcəli, həm dördüncüdərəcəli qohumları əhatə edir.

Göründüyü kimi, erkən nikahların və qohum nikahlarının fəsadları barədə cəmiyyətdə maarifləndirmə işləri aparılsa da, təəssüf ki, hazırda bu cür nikahlar eyni tendensiya ilə bağlanmağa davam edir. Bu isə bu problemlərin qarşısının alınması yolu kimi daha qətiyyətli addımların atılmasını şərtləndirir və bu sahədə konkret qadağaların qanunvericilikdə müəyyən edilməsinə dair ictimaiyyətin çağırışlarının intensivliyini artırır.

Araz Poladov,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri

0.24272418022156