Azərbaycanda bəzi kateqoriyalara aid vətəndaşlara avtomobillərini park etmək üçün güzəştlərin verilməsi yaxşı olardı.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı bildirib.
“Ölkədə tətbiq olunan “AzParking” mobil tətbiqi çox mütərəqqi sistemdir. Bu sistemdən istifadə edən bəzi şəxslər güzəştlərə malikdirlər. Məsələn, yaşadıqları binanın ətrafında avtomobillərini park edənlər ödənişdən azaddırlar. Bizə müraciətlər olur ki, mümkündürsə, bu güzəştlər digər kateqoriyadan olanlara da şamil edilsin. Bilmirəm, bu, nə dərəcədə mümkündür, amma vətəndaşlarımız 8 saat işdə olurlar. Onlar işə gələndə avtomobillərini iş yerinin qarşısında park edir və buna görə böyük məbləğ ödəməli olurlar. Təsəvvür edin ki, əgər birsaatlıq parklamaya görə ödəniş bir manatdırsa, bu, gün ərzində böyük məbləğ edir. Və yaxud ali məktəblərdə dərs deyən müəllimlər, eləcə də bəzi tələbələr işə avtomobillə gəlirlər. Onlar da güzəştlərdən məhrumdurlar. Yaxşı olardı ki, güzəştli kateqoriyaya bu şəxslər də aid edilsinlər”, - deyə o qeyd edib.