FIDE şahmatçıların fevral reytinqini açıqlayıb.
İdman.biz xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Teymur Rəcəbova məxsusdur.
İki pillə irəliləyən şahmatçımız 2723 xalla 25-cidir. Şəhriyar Məmmədyarov iki pillə geriləyərək, 26-cı yerə enib. Onun aktivində 2722 xalı var.
Bir pillə geriləyən Rauf Məmmədov (2651) 88-ci yerə enib. Nicat Abbasov bir aylıq fasilədən sonra yenidən “100-lüy”ə qayıdaraq 2641 xalla 96-cıdır.
Azərbaycan yığmasının sabiq üzvü, hələ də ölkəmizin təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2661 xalla 74-cüdür.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-nin şərəfini qoruyan Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) izləyirlər.
Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malikdir. O, mövqeyini qoruyub. 26-cı yerdə olan yığma üzvünün aktivində 2449 xalı var. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cü pillədə qərarlaşıblar. Gövhərin bir addım irəlilədiyi siyahıda Ülviyyə bir, Gülnar üç pillə geriləyib, ötən ay 99-cu olan Xanım Balacayeva “100-lüy”ü tərk edib.
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2559), üçüncü sırada Hampi Koneru (Hindistan, 2554) qərarlaşıblar.