Avtobuslar üçün xüsusi zolaqların çəkilməsi nəqliyyat sıxlığının azaldılmasına hesablansa da, mütəmadi olaraq digər hərəkət iştirakçıları qaydaları pozur və bu yola daxil olurlar. Nəticədə avtobusların mənzil başına çatması ləngiyir. Eyni zamanda da qaydaları pozan sürücülər cərimələnirlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələrinin sürücüləri 40 manat cərimə olunurlar.
Bəs avtobuslar xüsusi zolaqlardan kənara çıxsa, həmin nəqliyyat vasitəsinin sürücüsü cərimələnə bilərmi?
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirib ki, avtobuslar zolaqlarından kənara çıxarsa, tədbir görülür:
“Müntəzəm marşrutlar üzrə hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri müəyyən edilmiş hərəkət cədvəlinə və sxeminə riayət etmədikdə, eləcə də yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara yol verdikləri təqdirdə barələrində inzibati qanunvericiliyə uyğun tədbirlər görülür”.
İlhamə Əbülfət