Əliyar Ağayev: “Niyəsə, mənim idarə etdiyim oyunlarda futbolçular kobud oynayırlar” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev “Sportsman” jurnalı tərəfindən 2023-cü ilin ən yaxşı hakimi seçilib.

Mükafatlandırmadan sonra Əliyar Ağayev Prosport.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- İlk dəfə bu jurnal tərəfindən mükafatlandırıldınız. Təəssüratlarınızı öyrənək...

- Əlbəttə ki, hər bir mükafat şirin olur. 20 ildir ki, “Sportsman” tərəfindən mükafatlandırılma keçirilsə də, ilk dəfə onların nominasiyasında qalib ola bildim. Xüsusən sabiq referi Rüstəm Rəhimovdan mükafatı almağım daha xoş oldu.

- Ötən il də Gənclər və İdman Nazirliyinin keçirdiyi sorğuda ilin ən yaxşı hakimi seçilmişdiniz. Bu mükafatlar sizi nə dərəcədə motivasiya edir?

- Yenə qeyd etdiyim kimi, işinin bəhrəsini gördükdə, o mükafat adama şirin gəlir. Biz də istəyirik ki, öz üzərimizdə işləyib ən azı nominasiya siyahısında yer alaq.

- Özünüzdə ötən il neçə oyun idarə etməyinizə dair statistika varmı?

- İl ərzində haradasa 35-38-ə yaxın oyun idarə edirik.

- 2023-cü ildə ən yaxşı idarəçilik etdiyiniz oyun və zəif təsir bağışladığınız matç hansı olub?

- Oyunları UEFA Çempionlar Liqası və ya digər yarışlara görə bölmək istəməzdim. Çalışırıq ki, hər bir oyunumuzu yüksək səviyyədə idarə edək. Çünki bizim yaxşı idarə etdiyimiz qarşılaşma növbəti matça təyinat almağımıza səbəb olur. Təbii ki, səhvlərimiz, uğursuz oyunlarımız da olur. Şükür Allaha ki, Avropada uğurlu oyunlar idarə edirik ki, yenə təyinatlar alırıq. Yəqin ki, ötən il ən yaxşı oyunum dekabrda Çempionlar Liqasının qrup mərhələsinin “Srvena Zvezda” - “Mançester Siti” matçı olub.

- Avropa matçlarında demək olar ki, hər oyunda ya qırmızı vərəqə göstərirsiniz, ya da penalti təyin edirsiniz. Futbolçuların bu qayda pozuntularını nə ilə əlaqələndirirsiniz? Ola bilərmi ki, hakimin futbol ölkəsi olmayan Azərbaycandan olduğunu bilib, qaydaları pozmağa daha çox cəhd edirlər...

- Mən də bu amilə fikir vermişəm. Niyəsə mənim idarə etdiyim oyunlarda futbolçular kobud oynayırlar. Səbəbini izah edə bilmərəm. Ancaq şükür Allaha ki, indiyədək avrokuboklarda verdiyim qərarlar yanlış olmayıb.

0.075973033905029