Vaqif Sadıqov: “Premyer Liqada “Qarabağ”la rəqabət apara biləcək komanda yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Premyer Liqada mövsümün ikinci yarısının birinci turu göstərdi ki, komandalar hələ tam hazır deyillər”.

Bu sözləri “FutbolPress”ə açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov söyləyib. Funksioner Premyer Liqada nəticələri dəyərləndirib, “Qarabağ”ın çempionluq şanslarından söz açıb:

“Komandaların hazır olmadığını gördük. Bu, başadüşüləndir, toplanış yeni bitib. Bir neçə turdan sonra daha rəqabətli çempionatın olacağına inanıram.

“Qarabağ” artıq xal fərqini artırıb və demək olar, çempionluq yolunda böyük addım atıb. Əvvəl də demişdim, “Qarabağ” elə birinci dövrədən əsas iddiaçı olduğunu göstərib. Komandanın bundan sonra əsas rəqibi özü olacaq. Çünki sıx qrafikdədir və həm çempionat, həm də avrokubok oyunları çətin olacaq. Premyer Liqada “Qarabağ”la rəqabət apara biləcək komanda yoxdur. Bu, onların əleyhinədir. Çempionat nə qədər güclü olsa, “Qarabağ” üçün daha faydalı olar. Rəqabətin olduğu yerdə inkişaf da olur”.

0.082808971405029