Ağasəlim Mircavadov: “Sabah” - “Neftçi” oyununun ədalətli nəticəsi heç-heçə idi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Sabah” və “Neftçi” arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XIX turunun oyununu dəyərləndirib.

76 yaşlı mütəxəssis “Report”a açıqlamasında təlim-məşq toplanışından sonra birinci matçların həmişə ağır keçdiyini bildirib.

“Sadəcə, hazırlıq prosesinin ardından relsə düşmək lazımdır. İki-üç görüşdən sonra klubların necə toplanış keçdikləri tam görünəcək. “Neftçi”də nizam-intizam hiss edilirdi. Qol vəziyyəti də yaratdılar, lakin yararlana bilmədilər. Yeni baş məşqçi Miodraq Bojoviçin axtardığı heyəti tapması üçün vaxt lazımdır”, - Mircavadov söyləyib.

Təcrübəli mütəxəssis “Sabah”ın çempionat ərəfəsindəki oyununu nümayiş etdirdiyini vurğulayıb:

“Komandanın orta xəttində problem var. Oyunu idarə edən futbolçu lazımdır. Çünki “Sabah”ın hücumçuları yarımmüdafiədən asılıdırlar. Baş məşqçilərin hər ikisi matçdan razı olduqlarını söylədilər. Ədalətli nəticə də heç-heçə idi”.

AFFA Məşqçilər Komitəsinin üzvü hər iki kollektivin avrokuboklara vəsiqə qazanmaq istədiyini söyləyib:

“Birinci yer üçün mübarizə aparmaq ağır olar. Lider “Qarabağ”la xal fərqi də çoxdur. Oyun səviyyəsi də o qədər deyil. Lakin “Sabah” və “Neftçi”nin ölkə kubokunda da şansları var. Hər ikisi ideal komanda deyil və problemləri də var. Aleksey İsayevin getməsi isə “Sabah”a təsir etməməlidir. Murad Musayevin bu mövqedə başqa futbolçuları var. Məsələn, dünən Ayaz Quliyev meydanda idi. O isə əvvəlki Quliyev deyil. “Spartak”da və “Rostov”da tamam fərqli idi”.

0.1083710193634