20 Yanvar hadisələrinin şahidi: “İnsanlar sığınacaq kimi metroya pənah gətirmişdilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“34 il keçməsinə baxmayaraq, hadisələrin hər anı gözümün qarşısındadır”.

Bu sözləri Xeber-ps.com-a açıqlamasında Bakı Metropoliteninin maşinisti Cahil Həsənov 20 Yanvar faciəsi ilə bağlı xatirələrindən danışarkən deyib.

O, insanların sığınacaq kimi metroya pənah gətirdiklərini qeyd edib:

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə biz işdə idik. Dörd nəfər ehtiyat maşinist idik. Axşam saat 11 radələrində evə getməli idik. Daha sonra məlumat verdilər ki, səhərə qədər işləyə bilərik. Bizi saxladılar. Etiraz etmədik, gözlədik. Gecəyarı güllə səsləri eşidildi. Bizə dedilər ki, yaralılar var. Onlara kömək etmək lazımdır.

Çölə çıxıb, yaralılara kömək etdik. Sanki güllə yağışına düşmüşdük. Yaralıları metroya daşımağa çalışırdıq. Sonra dedilər ki, “İçərişəhər”də adam daha çoxdur. Onlara yardıma getdik”.

C.Həsənov qeyd edib ki, metro səhərə qədər işləməsəydi, minlərlə insan həlak olardı:

“Səhərə qədər işlədik. Metro işləməsəydi, minlərlə adam ölərdi. İnsanlar üçün metro sığınacaq idi. Canlarını götürüb, buraya üz tuturdular. Yanvarın 21-də hamımız dedik ki, metronun adı dəyişilsin, olsun “20 Yanvar”. Bir çilingər yoldaşımız da şəhid olmuşdu. Depoda büstü var. Hər il ziyarət edirik”.

Nəzrin Vahid

0.2325439453125