Biz nifrətdən yoğrulmamışdıq… - ELEGİYA + FOTO

 
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 

1990-cı il. 19 yanvar. Həmin gün rayonumuza güclü qar yağmışdı.

Əyalətdə olduğumuzdan Bakıda nə baş verdiyindən xəbərsiz idik. Bizim üçün adi, qarlı-şaxtalı bir qış günü idi. Qar o qədər çox yağmışdı ki, məktəbə gedə bilməmişdik.

Yanvarın 19-u, axşam saat 10-11 radələri olardı. Yadımdadır ki, Dövlət Televiziyasına baxırdıq. Yaddaşım məni aldatmırsa, anamın sevdiyi hansısa xanəndə muğam oxuyurdu. Televizora baxdığımız yerdə dalğa itdi və ekran dızıldamağa başladı. Buna qeyzlənən anam əvvəlcə televizorun başına bir-iki yumruq ilişdirib (o vaxtın adamları bunun niyə edildiyini yaxşı bilirlər - red.): “Bu tərəkəyə bir dənə lampa alan olmadı ki, adam kimi oturub baxasan”, - dedi. Əlini uzadıb arxadan lampanı yerində oynatsa da, dəyişən bir şey olmadı. Bizə tərəf çevrilib: “Ya təmiz yanıb, ya da bunluq deyil. Yəqin, yenə qar anteni aşırdı, ona görədir. Əşi, soyuqdur, yıxılın yatın, kimdir bu qarda çardağa çıxan? Yıxılıb-eləyərsiniz, yatın, sabah baxarıq”. Elə də etdik…

Səhər bildik ki, televizorun dərdi nə lampa, nə antenin aşması imiş. Sən demə, Bakıya qoşun yeridilib və “AzTV”nin enerji bloku partladılıb. Bilməyinə bildik, amma nə demək olduğunu nə təsəvvürümüzə, nə ağlımıza yerləşdirə bildik. Məktəbdə müəllimlər də Bakıda nəsə olduğunu deyirdilər. Hamı nəsə danışırdı, amma heç kim nə olduğunu anlamırdı.

O vaxt hər şey fərqli idi axı. Nə bugünkü kimi hər əldə bir telefon var idi, nə xəbərləri saniyəbəsaniyə izləyə biləcəyimiz internet. Ümid bircə televizora idi, o da göstərmirdi. Bakıda yaxınları olanlar şəhərlərarası telefon məntəqəsinə axışmışdılar. Onlara da nəsə deyilirdi, təəccüblənirdilər, amma yenə də nə baş verdiyi heç kimə tam aydın olmurdu. Hamı eyni cümlələri əzbərləmişdi sanki - “Bakıya qoşun yeridilib, deyirlər, Bakıda tank var, avtomatlı adamlar var. Adamları qırıblar, deyirlər” - heç nə başa düşmədim…

Çox sonralar anladım ki, həmin vaxt insanların anlamadığı şey, təsəvvürlərinə belə gətirə bilmədikləri sovet qoşununun Bakıya hücum edə bilməsi idi. “Qoşun” sözünü biz ancaq müharibə filmlərində eşitmiş, özünün nə olduğunu görmüşdük. O dövrün adamları üçün qoşun da, silah da, adamın adama atəş açması da ancaq kinoda ola bilərdi. Ona görə də baxmayaraq ki, hamı Bakıya qoşun yeridildiyini eşitmişdi, bilirdi, amma heç kim bunun necə böyük bir faciə olduğunu dərk etmirdi.   

Beləcə, 19 yanvar bizim əyalətdə adi başlasa da, tarixə çevrilib bitmək bilməyən bir gün kimi qaldı yaddaşlarda. Həm də heç unudulmayacaq bir tarix…

Həmin gecə Bakı küçələri qan gölünə döndü, tırtıllı tankların, qorxunc PDM-lərin təkərləri həmin gecə 137 canı aldı apardı bizdən, 700 nəfəri yarımcan etdi. “Şanlı sovet ordusu” bizim 800 nəfərimizi həbs etdi... İtkin düşənlərimizi “gördüm” deyən olmadı…

Səhər məktəbə gedəndə qəribə bir mənzərə ilə rastlaşdıq. Yollarda bayrağımız asılmışdı, başında qara lent. Dizdən yağan qarın fonunda bu qara lent çox qorxunc görünürdü. Adamlar bir az da təşvişə düşmüşdülər - bayraqlar niyə aşağı salınıb, niyə başında qara lent var?.. Ən yaşlımız belə, ilk dəfə idi, belə mənzərə görürdü. Böyükdən-kiçiyə nəhəng bir boşluğa düşmüşdük sanki.

Hadisədən üç gün sonra atamla gəlmişdim Bakıya. Nənəm nəvəsi ilə xəstəxanada olduğu üçün atam evdə qərar tuta bilməmişdi. “Gedim görüm nə məsələdir?” - deyib Bakıya gəlməyə qərar vermişdi. “Mən də getmək istəyirəm, ay paa… Apar da məni də”, - dedim. Etiraz etmədi. Bilet aldı və birlikdə Bakıya gəldik. Dedim axı, heç kim qarşılaşacağı mənzərəni təsəvvürünə sığışdıra bilmirdi. Yoxsa atam məni iki dünya bir olsa, özü ilə gətirməzdi.

Yaxşı yadımdadır, avtobusda da eyni şeylər danışılırdı. Hamı nədənsə narahat idi, heç kim görəcəyi mənzərəyə hazır deyildi…

Əmim Bakıda yaşadığı üçün bir neçə dəfə gəlmişdim Bakıya. Şəhərin küçələrində gəzəndə kənd uşağı saflığı ilə elə təəccüblənirdim ki. Hər şey mənə nağıl kimi görünürdü - küçələrdəki maşınlar da, binalar da, bulvar da, gecə şəhərin işıq içində olması da. Bir sözlə, hər şey. Hər dəfə Bakıya gəlmək söhbəti çıxanda elə xoşbəxt olurdum ki…

Bu dəfə isə belə olmadı. Bu dəfə Bakı bizi qan içində qarşıladı. Heç vaxt göz önümdən silinməyən bir mənzərə ilə rastlaşmışdım - müharibə meydanına oxşayırdı Bakı. Atamın çaşqın baxışları indi də yadımdadır. Sanki böyük bir kino meydançasının düz ortasına düşmüşdük, amma rejissor bizə rolumuzu izah etməmişdi…

Hər küçədə zirehli maşınlar, avtomatlı əsgərlər. Yollara tökülən qərənfillər...

Atamla ağır-ağır əmimgilə tərəf addımlayırdıq. Köhnə avtovağzaldan əmimgilə gedən yolu yaxşı tanıyırdım. Piyada beşcə dəqiqəlik yol idi. Bu dəfə bu yol sanki kilometrlərlə uzanmışdı.

Əmimgilin evi “Olimp” tərəfdə, hərbi şəhərciyin yanında idi. Yaxınlaşanda binalarının düz qarşısında sıralama tanklarla rastlaşdıq. Atam özündən ixtiyarsız əlimi necə sıxdısa, sümüklərim gizildədi. Amma bəlkə də, o ağrı qarşımdakı hərbçilərin zəhmindən yaranan qorxumun qarşısına keçmişdi. İxtiyarsız, key-key onlara tərəf baxırdım. Nəyisə anlamağamı çalışırdım, gördüyümə inanıb-inanmamağamı, bilmirəm.

Birdən vahiməsinə heç alışmadığım, heç yerdə eşitmədiyim bir şaqqıltı səsi eşitdim. Tankın üstündəki əsgər bağırtılı bir səslə rus dilində nəsə dedi və əlindəki avtomatı sinəsinə çəkdi. Atam tez məni arxasına itələyib, “izvinite, izvinite” deyə bir əlini yuxarı qaldırdı. Mənə çevrilib: “Oraya baxma, atarlar”, - dedi və tez-tez binaya tərəf addımladıq.

İlahi, pəncərədən baxmağa qorxurduq. Əmimgilin binasının düz yanında bir telefon köşkü vardı. Orada kimisə güllələmişdilər, qanı belə qurumamışdı. Yolda harada gəldi tökülən insan qanı görmək necə ağır bir hissdir, ilahi. Qan tökülən hər yerə qərənfil düzmüşdülər. Elə səkilər vardı ki, qərənfili tapdamadan keçmək üçün gərək barmaqlarının ucunda gəzəydin.

Həmin ildən və həmin mənzərədən sonra Bakı keçmiş yaddaşımdan silindi. Heç xatırlamaq istəmədiyim təzə bir yaddaş yazıldı yerinə. Hər küçəyə, hər prospektə, hər addıma qərənfil yağışı yağmışdı göydən.

Yavaş-yavaş əyalətdə də nəyin nə olduğunu təsəvvürü yetə bildiyi qədər anlamağa başladı camaat. Bu hadisələrdən çox uzaq olan kənd insanına ilk dəfə Kamil Cəlilovun “Zəminxarə”si anlatmışdı yanvarın 19-dan 20-nə keçən gecə yaşananların nə qədər böyük bir faciə olduğunu.

Sonra faciə ayaq açıb qapı-qapı dolandı hər kəsin evində. İlk dəfə onda eşitdik ŞƏHİD sözünü. Bəxtiyarın şeirindən eşitmişdik:

Üçrəngli Bayrağı öz qanlarıyla

Vətən göylərinə çəkdi ŞƏHİDLƏR!   

İlk dəfə onda nifrət girdi içimizə. Kimi illərlə ürəyinin başında gəzdirdiyi partiya biletini yandırdı, kimi komsomol biletini, kimi də sevə-sevə daşıdığı pioner qalstukunu… 

Biz nifrətdən doğulmamışdıq, bizi buna məcbur etdilər...

Bu gün Qanlı Yanvar hadisələrinin 34-cü ildönümüdür. Bu 34 ildə çox şey dəyişdi həyatımızda. Minlərlə can ŞƏHİD oldu. Bu torpaq uğrunda can verən, qanı tökülən oğullar hesabına dövlət müstəqilliyimiz quruldu, ərazi bütövlüyümüz tam bərpa olundu.

Tək bircə arzumuz qaldı - Qanlı Yanvar hadisələrinə imza atanların hər birinə hökm oxunması. Bu cinayətə cavabdeh olanlar cavab verməlidirlər - istər bu, istər o biri dünyada.

Heç nəyi unutmadıq, unutdurmarıq! Allah şəhidlərimizə rəhmət eləsin!

Əzizə İsmayılova

0.096235036849976