Sürücülük təlimi verən şəxs dərs zamanı “TikTok”da canlı yayım açıb: Qəza olsa, günahkar kimdir? - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TikTok” platformasından istifadə edənlərin müxtəlif məkanlardan canlı yayımlara çıxmaları artıq normal qəbul olunur. Ancaq son günlər sürücülük kursu keçən bir xanımın dərs prosesində canlı yayıma qoşularaq rahat şəkildə söhbət aparması izləyicilərin canlı yayımların məkanı və məramı ilə bağlı fikirlərini haçalandırıb. Bir qismi bunu maraqlı hesab etsə də, başqa bir qismi təlimçinin bu hərəkətini tənqid edib, onun sürücülük dərsinə yazılan şəxsin fikrini yayındırdığını qeyd edib.

Bəs görəsən, bu nə dərəcədə doğrudur? Qeyd olunan vəziyyətdə qəza baş verərsə, məsuliyyəti kim daşıyacaq?

Mövzu ilə bağlı Xeber-ps.com-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, bu kimi hallar qayda pozuntusu hesab olunmur:

“Qayda pozuntusunu müəyyən edən amillər var. Telefonu əldə tutaraq istifadə edən zaman cəza tətbiq olunur. Kimsə kənardan durub, canlı çəkirsə, digəri avtomobili idarə edirsə, bu, qayda pozuntusu deyil.

Düzdür, şəxsin fikri yayına bilər. Müəyyən qədər təhlükə yarana bilər. Çünki yeni sürücüdür. Ona qalsa, avtomobildə həm öndə, həm də arxada monitorlar var. Sürücü də, sərnişin də nəsə izləyə bilərlər. İstehsalçı bunu elə quraşdırıb ki, sürücüyə mane olmasın. Vətəndaşın bu cür hərəkəti qayda pozuntusu deyil.

Onu İnzibati Xətalar Məcəlləsində hər hansı maddə ilə məsuliyyətə cəlb etmək olmaz. Ancaq bu cür davranmasa, daha yaxşıdır. Çünki yeni öyrənən, sürücü olmaq istəyən şəxs kamera ilə çəkiliş zamanı xarici görünüşünün necə olacağını düşünərək fikri yoldan yayına bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə sürücü əlli manat məbləğində cərimə edilir.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

0.10509181022644