Hazırda Bakı şəhərinin bir çox binalarında istilik təchizatı “Azəristiliktəchizat” ASC-yə məxsus beş ədəd rayon istilik qazanxanası, 345 ədəd məhəllədaxili qazanxana, 89 istilik məntəqəsi və “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən alınan istilik enerjisi hesabına həyata keçirilir.
“Azəristiliktəchizat” ASC-yə məxsus qazanxanalardan 246 ədədi müasir tipli, 62 ədədi köhnə tipli və 32 ədədi modul tipli daşınabilən qazanxanalardır.
“Azəristiliktəchizat” ASC-ə məxsus qazanxanalarda istehsal edilən istilik enerjisinin 31,9 %-i 1990-cı ilə qədər tikilmiş köhnə tipli qazanxanalara, o cümlədən rayon istilik qazanxanaları üzrə 17,8%, 3,1%-i 1990-2005-ci illərdə tikilmiş qazanxanalara, 54,2%-i 2005-ci ildən sonra tikilən qazanxanalara, 10,7%-i “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzinə aiddir. İstilik xətlərinin uzunluğu 845,6 km təşkil edir.
Hansı problemlər var?
Şəhərin istilik təchizatı sistemində əsas problem rayon istilik qazanxalarından və “Azərenerji” ASC-nin İstilik Elektrik Mərkəzindən çıxan ümumi uzunluğu 120 km-ə yaxın olan magistral istilik xətlərinin texniki vəziyyəti ilə bağlıdır.
Bundan əlavə, rəsmi məlumata görə, Bakı şəhərində 500-ə yaxın bina istilik mənbəyinin olmaması və binadaxili istilik sistemlərinin sıradan çıxması səbəbindən mərkəzi istilik sisteminə qoşulmayıb.
Bundan əlavə yeni tikilmiş binaların da mütləq əksəriyyəti mərkəzi istilik sisteminə qoşulmayıb. Səbəbi isə odur ki, binaları tikən bəzi şirkətlər tərəfindən ayrıca qazanxanalar və istilik sistemləri quraşdırılıb. Mənzillər məhz onların vasitəsilə istiliklə təmin olunur.
Bəs yeni tikililərin mərkəzi istilik sisteminə qoşulması mümkündürmü?
Bizim.media-nın bu sualını cavablandıran “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvin Basqallı əsas vəzifələrinin qurumun balansında olan binalardakı mənzillərin daha yüksək səviyyədə istiliklə təmin edilməsi və keyfiyyətinin artırılması olduğunu vurğulayıb:
“Təmsil etdiyim qurum xərcyönümlü deyil, sosialyönümlü olduğu üçün istiliyi maya dəyərindən bir neçə dəfə aşağı qiymətə satır. Belə olan halda, Mənzil Tikinti Kooperativləri və özəl şirkətlər tərəfindən tikdikləri binaların mərkəzləşdirilmiş istilik sisteminə qoşulması ilə bağlı müraciətlər olsa da, məqsədəuyğun hesab olunmur. Hər hansı bir koorporativ bina tikilərkən qazanxanası da varsa, o zaman layihələndirmə zamanı “Azəristiliktəchizat” ASC ilə razılaşdırılma aparılır”.