Azərbaycanın görkəmli bəstəkarı, incəsənət xadimi, “Şöhrət” ordeninə layiq görülən Cövdət Hacıyevin vəfat etməsindən 22 il ötür.
Sənətkar 1917-ci il iyunun 18-də Nuxa (Şəki) şəhərində anadan olub. O, orta təhsilini başa vurduqdan sonra, 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938-1941-ci illərdə isə Moskva Konservatoriyasında oxuyub və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinifini bitirib.
1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1957-1969-cu illərdə isə bu ali təhsil ocağının rektoru vəzifəsində çalışıb.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynayan Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olub.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif olunub. Cövdət Hacıyev 2002-ci il yanvarın 18-də, ömrünün 85-ci ilində vəfat edib. Rəqqasə Əminə Dilbazinin həyat yoldaşı olub.
Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, “Sülh uğrunda” simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirib.
Qara Qarayevlə birgə bəstələdiyi “Vətən” operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan birhissəli “Simfoniya”nı, iki simfonik poemasını, “Azərbaycan süitası”nı və sair əsərlərini bəstələyib. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə Stalin mükafatına layiq görülüb.
Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə edib. Cövdət Hacıyev həmçinin kiçik simfoniya, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifidir.
Cövdət Hacıyevin “Zirvələrə” adlanan altıncı və “Şəhidlər” adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. “Şəhidlər” simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.
Cövdət Hacıyevin “Onu zaman seçib” adlı səkkizinci simfoniyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunub.
Qeyd edək ki, Cövdət Hacıyev 26 aprel 1958-ci ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi”, 24 may 1960-cı ildə “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb.