Məşhurlar da “ağlayırlar”, sadə istifadəçilər də: “Səhifələri oğurlayıb kriptovalyutaya satırlar” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkə hesablarının kiberdələduzlar tərəfindən oğurlanması halları geniş yayılmaqdadır.

Ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan şəxsi “Instagram” hesabı oğurlanıb.

Bəs görəsən, sosial şəbəkə hesablarını oğurlanmadan necə qoruyaq?

Mövzu ilə bağlı Xeber-ps.com-a açıqlama verən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, sosial şəbəkə hesablarının kütləvi şəkildə oğurlanması fərqli-fərqli məqsədlər daşıyır:

“Son vaxtlar bu kimi hallara daha çox rast gəlinir. Bunlardan bəziləri şəxsi-qərəzlilik müstəvisində olur. Bir çox hallarda isə kütləvi izləyicisi olan səhifələri oğurlayıb onları kriptovalyutaya satırlar, ya da dələduzluq məqsədləri ilə istifadə edirlər. Çünki böyük izləyici kütləsi olan hesablar daha çox diqqət cəlb edir. Çox böyük kütləsi olan səhifələr bu məqsədlə oğurlanır. Daha sonra həmin səhifələrə diqqət yetirsək, görərik ki, müxtəlif reklamlar üzə çıxır. Kriptovalyuta satışları həyata keçirilir”.

Mütəxəssis oğurlanan səhifələrin bərpasının mümkün olduğunu qeyd edib:

“Bu kimi halların qarşısını almaq üçün ikili identifikasiya aktivləşdirilməlidir. İlk tövsiyə budur. 100 faiz olmasa da, 90 faiz oğurlanmanın qarşısını alır. Yəni səhifəyə yeni girişdə sizin telefonunuza kod gəlir. Kod vasitəsilə giriş edirsiniz. Bir neçə təsdiqdən sonra ikili təsdiq kodu qurulur.

Oğurlanan böyük səhifələrin bərpası mümkündür. Əgər mavi nişan (tık) alınmayıbsa, siz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar. Oğurlanan səhifələrin bərpası üçün cəhd etmək mümkündür”.

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən Xeber-ps.com-a açıqlamasında bildirilib ki, sosial şəbəkələrdə istifadəçilərin fəaliyyəti, eləcə də sosial şəbəkə ilə istifadəçilər arasındakı münasibətlər sosial şəbəkə inzibatçıları tərəfindən müəyyənləşdirilmiş qayda və şərtlərlə tənzimlənir:

“Sosial şəbəkələr istifadəçilərə öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif imkanlar təqdim edir. Elektron Təhlükəsizlik Xidməti olaraq istifadəçilərə sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün mürəkkəb və unikal şifrələrdən istifadə etməyi və ikimərhələli tanıma funksiyasını aktivləşdirməyi tövsiyə edirik. Həmçinin etibarlılığından əmin olmadığınız üçüncü tərəf proqramlar və tətbiqlər vasitəsilə sosial şəbəkə hesablarına giriş məlumatlarını daxil etməmək, hesaba daxil olan cihazları nəzərdən keçirmək tövsiyə edilir”. 

Qurumdan, həmçinin bildirilib ki, hesabla əlaqədar elektron poçta gələn məktublara qarşı diqqətli olmaq vacibdir:

“Belə ki, şübhəli mənbələrdən göndərilən elektron poçt məktublarındakı keçidlərə daxil olaraq öz hesab məlumatlarını daxil etməmək lazımdır. Bu istiqamətdə ən vacib maarifləndirmə tədbirlərinin görülməsidir. ETX kiberdələduzluq halları ilə bağlı mütəmadi olaraq öz rəsmi informasiya ehtiyatı və sosial şəbəkə hesabları vasitəsilə maarifləndirmə işləri həyata keçirir”. 

Nəzrin Vahid 

0.10096096992493