Qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilməsi, onların satışı ilə məşğul olan şəxslərin ifşa olunması məqsədilə Qusar Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfər naməlum şəxsin silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Ruslan Bayramov saxlanılıb.
Həmin şəxsin üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ruslan Bayramovun barəsində həbs qətimkan tədbiri seçilib.