7 aylıq uşağın belinə banka qoydular - Sağlamlığına hansı fəsadlar yarana bilər? - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə 7 aylıq uşağın kürəyinə banka qoyulmasını əks etdirən görüntülər yayılıb.

Xeber-ps.com xəbər verir ki, ilkin ehtimallara görə video körpənin yaxınları tərəfindən çəkilib və paylaşılıb. Videodan da göründüyü kimi uşağa ümumilikdə altı ədəd banka qoyulub və böyrək üzərinə, onurğa sütunu boyunca düzülüb. Bu isə tibbi cəhətdən qadağandır. 

Yayılmış görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub və şəbəkə istifadəçiləri həmin valideynləri şiddətlə qınayıblar. Bu addımın uşağın sağlamlığına ciddi ziyan vura biləcəyi bildirilib.

Məsələ ilə əlaqədar pediatr Nəsib Quliyev Xeber-ps.com-a açıqlamasında belə halın yolverilməz olduğunu və tibbi cəhətdən 5 yaşına qədər olan uşaqların sağlamlığına ciddi fəsadlar törədə bildiyini qeyd edib:

“Banka isti hava ilə vakuum yaradır və sorma effekti ilə qanı məhz həmin nahiyələrə toplayır. Uşaqların dərisi həssas olur və bu zaman qanaxma ola bilər. Həkim təyinatı olmadan, evdə nənə, baba ilə belə iş etmək olmaz. Uşaqda qan dövranı pozula bilər, qansızma, yanıq, hematoma ola bilər. Bunu həkim təyin etdikdən sonra steril şəraitdə tibb bacısı etməlidir”.

Həkim, həmçinin bildirib ki, banka müalicəsi, ümumiyyətlə, tibdə çox da tövsiyə edilmir:

“Bu cür körpələrə daha çox xardal yaxması istifadə edilir. Soyuqdəyməni götürməsi üçün. Amma banka qoyulması ekstremal hallarda həkim təyinat göstərərsə, 5 yaşdan böyük uşaqlara icazə verilə bilər, o da yalnız və yalnız həkim nəzarətində”.

Könül Cəfərli

0.093789100646973