Bakı sakini Ülviyyə İlyasova beş yaşlı qızının sağalmasına köməklik olunması xahişi ilə Media.Az-ın redaksiyasına müraciət edib. Yaşının belə gənc olmasına baxmayaraq, Əminənin anadangəlmə onurğa sütunu, ayaqları, sidik-cinsiyyət sistemi və böyrəklərlə bağlı bir sıra ciddi xəstəlikləri var. Körpə artıq üç əməliyyat keçirib...
Hazırda ən vacibi uşağın yeganə sağlam böyrəyini xilas etməkdir. İranda müayinə və müalicə üçün ən azı 3000 manat lazımdır. Daha sonra Türkiyədə əməliyyat planlaşdırılır. Qızın valideynlərinin buna maddi imkanı çatmır.
Uşağın anası deyib ki, qızı dünyaya gəldikdən dərhal sonra ona “spina bifida” diaqnozu qoyulub. Bu, onurğa beyni və onurğanın inkişafında, dayaq-hərəkət və sinir-əzələ sistemlərinə təsir edən anadangəlmə qüsurdur. Normalda onurğa beyni onurğa kanalı tərəfindən zədələnmədən tamamilə qorunur. Belə olan halda onun bir və ya bir neçə hissəsinin açıq qalması və fəqərələrin də tam formalaşmamasıdır. Belə hallarda, onurğa beyni balaca Əminənin vəziyyətində olduğu kimi, yırtığa çıxa bilər.
Anasını əməliyyatdan sonra qızın dolğun həyat yaşaya biləcəyinə əmin ediblər. Ancaq məlum olub ki, bu onun əzablarının yalnız başlanğıcı imiş.
“Əminə altı aylıq olanda əməliyyat olundu. Qızım əməliyyatdan sonrakı ağırlaşmalara görə 48 gün xəstəxanada həyat mübarizəsi apardı. Lakin evə buraxıldıqdan sonra da vəziyyət yaxşılaşmadı. Əminənin qızdırması yüksək idi və sidik ifrazında problemlər yaranmağa başladı. Analizlər böyrəklərdə fəsadlar yaradan infeksiyanın olduğunu göstərdi.
Uzun sürən müalicəyə baxmayaraq, Əminənin vəziyyəti getdikcə pisləşir. Hazırda qızımın sidik kisəsi işləmir, nəcisini saxlaya bilmir. Hər iki saatdan bir dəyişdirdiyimiz bez və kateterlərdən istifadə etməyə məcbur oluruq. Kateterin dəyişdirilməsi proseduru çox ağrılıdır və Əminə ağrıya dözə bilmir.
Bundan əlavə, qızımın ayaqlarında problem var, normal yeriyə bilmir. Əminə bir ildən artıqdır ki, fizioterapiya olunur, həm də xəstəlikdən əyilən pəncələrini bərpa etmək üçün əməliyyat olunub. Amma bu da istənilən nəticəni vermədi. Əminə xüsusi şinlər taxır - ayaqların arxasına qoyulan qısqaclar ayaqların əyriliyini düzəldir və onların düzgün vəziyyətdə olmasına kömək edir. Onları altı aydan bir dəyişmək lazımdır, amma pulumuz olmadığı üçün vaxtında yenisini ala bilmirik. Ona görə də, qızım onlardan uzun müddət istifadə etmək məcburiyyətində qalır”, - deyə Ülviyyə xanım deyib.
Lakin onun sözlərinə görə, hazırda ən vacib olan qızının sağlam qalan böyrəyini xilas etməkdir.
“Analizlər göstərdi ki, sol böyrəyin fəaliyyəti həqiqətən dayanıb. Müalicə başlamazsa, eyni aqibət sağ böyrəyini də gözləyir. Bir il əvvəl Əminə artıq sidik-cinsiyyət sistemini bərpa etmək üçün əməliyyat olunub, bundan sonra iki aydan bir dəyəri 700 manat olan müalicələr alır. Lakin qızın səhhəti yaxşılaşmayıb. Bizim onu xaricdə həkimlərə göstərməkdən başqa çarəmiz yoxdur. İrana səfər üçün ilkin olaraq 3000 manat toplamaq lazımdır. Ümid edirəm ki, ambulator müalicə kömək edəcək və bu, başqa əməliyyata gətirib çıxarmayacaq”, - deyə qadın bildirib.
Ülviyyə xanım qeyd edib ki, onun daha iki övladı var. Onun əri fəhlə işləyir, ailə hazırda Bakıda kirayədə qalır. Qazanılan pul gündəlik ehtiyaclara güclə çatır.
“Mən çox istəyirəm ki, qızım həmyaşıdları ilə birlikdə məktəbə getsin, dolğun həyat yaşasın... Nə yaxşı ki, həkimlər bizə bu ümidi verirlər. İndi hər şey pula bağlıdır. Əminənin xəstə olduğu illərdə biz olanımızı xərclədik, üstümüzə çoxlu borc və kredit yığdıq. Biz yalnız sizin köməyinizə ümid edə bilərik. Xahiş edirəm diqqətdən kənar qoymayın”, - deyə qadın köməyə çağırıb.
Redaksiya heyəti olaraq hər kəsi Əminənin probleminə anlayışla yanaşmağa və bacardığınız qədər köməklik göstərməyə çağırırıq.
Ülviyyə xanımla (051) 956-25-69 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.