Son vaxtlar elektrik qatarlarında texniki nasazlıq səbəbindən gecikmələrlə bağlı məlumatlar artıb. Sərnişinlər bu problem səbəbindən səhər saatlarında daha çox iş yerlərinə, günün digər saatlarında isə gedəcəkləri ünvanlara gec çatırlar. Bu isə haqlı narazılığa səbəb olur.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən gələn açıqlamalarda isə problemə səbəb kimi texniki nasazlıq göstərilir.
Elektrik qatarları bir neçə ildir istifadəyə verildiyi üçün istismar müddətinin başa çatma ehtimalı yoxdur.
Detallarda istehsal xətası var, yoxsa texniki nasazlıq nədir ki hər gün qatarlarda gecikmələr yaşanır? Ümumiyyətlə Bu texniki nasazlıq nədir, özündə hansı məqamları ehtiva edir?
Məsələ ilə bağlı Xeber-ps.com-ın sorğusunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova cavablandırıb.
S.Nəzərova bildirib ki, ADY-nin sərnişin hərəkət vasitələri parkına 2015-2019-cu illər ərzində İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan doqquz ədəd ikimərtəbəli, ikisistemli, dördvaqonlu elektrik qatarı qəbul olunub:
“Qatarların gündəlik texniki baxışları və planlı təmirləri qrafik üzrə texnoloji prosesə əsaslanaraq həyata keçirilir. Bu hərəkət vasitələri yeni nəsil qatarlar olduğundan onlarda innovativ diaqnostika və təhlükəsizlik sistemləri quraşdırılıb. Sözügedən sistemlər ozünü diaqnostika etmək imkanına malik olmaqla bərabər, həmçinin mütəmadi olaraq əyləc, təhlükəsizlik, iqlim və idarəetmə sistemlərini yoxlayaraq məlumatları mərkəzi diaqnostika displeyində əks etdirir və texniki personalı xəbərdar edir. Bu məlumatlar əsasında yaranmış nasazlıqlar aradan qaldırılır. Qatarlar texniki cəhətdən saz vəziyyətdə reysə buraxılır. Əgər qatarda hər hansı texniki nasazlıq halı müəyyən edilərsə, həmin qatarın reysə buraxılmasına qəti icazə verilmir.
Eyni zamanda ADY sərnişin və yüklərin təhlükəsiz daşımalarını təmin etmək üçün mütəmadi olaraq dəmir yollarında diaqnostika qatarı ilə monitorinqlər aparır: yolun, kontakt şəbəkəsinin, işarəvermə və rabitə qurğularının texniki vəziyyətini yoxlayır. O cümlədən infrastrukturun saz vəziyyətdə saxlanılmasına cavabdeh olan məsul işçilər tərəfindən sahələrdə qeydə alınmış nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülür”.
Mətbuat katibi qatarların gecikmə məsələlərinin də bir növ kənar təsirlərdən qaynaqlandığına diqqət çəkib:
“Qatarların gecikməsi və hərəkət qrafikindən kənara çıxması bir çox hallarda kənar təsirlərdən qaynaqlanır. Belə ki, infrastrukturun saz vəziyyətdə istismar olunmasına mane olan kənar təsirlər qatarların normal rejim üzrə hərəkətinə çətinliklər yaradır. Əsasən də payız-qış fəsillərində hava şəraitinin kəskin dəyişməsi nəticəsində (küləyin sürətinin artması, intensiv yağışların/qarın yağması, zəlzələ və s. kimi hadisələr) hərəkətin təhlükəsizliyinin təmin olunması, sərnişin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması üçün qatarların sürət həddi müvəqqəti olaraq endirilir.
Bu kimi hallar zamanı qatarların idarə olunması ilə bağlı dəmir yollarının müvafiq təlimatlarına əsasən lazımı addımlar atılır. Bununla yanaşı, bəzi hallarda güclü külək zamanı məsul qurumlar tərəfindən elektrik enerjisinin verilməsində yaranmış fasilələr və ya texniki nasazlıqlar, o cümlədən kommunikasiya xətlərində baş vermiş qəza halları da qatarların hərəkət qrafikindən çıxmasına səbəb olur.
Dəmir yolu infrastrukturuna və qatarlara edilmiş kənar müdaxilələr (oğurluq, kənar əşyaların relslərin üzərinə qoyulması, nəqliyyat vasitələri və insanların qəfil qatarın qarşısına çıxması və s.) də qatarların hərəkətinə çətinliklər yaradır.
Bu il dəmir yollarında 55 oğurluq hadisəsi baş verib. 2022-ci ildə isə bu rəqəm 98 olub. 2023-cü ildə 10 dəfə oğurluğa cəhd olunub. 2022-ci ildə isə bu rəqəm 18 olub. Daxili İşlər Nazirliyinin (DİN) Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi ilə birgə fəaliyyət nəticəsində bu kimi halların qarşısının alınması və şübhəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində tədbirlər görülür.
2023-cü ildə relslərin üzərinə kənar əşyaların qoyulması üzrə 23 fakt aşkar olunub, 2022-ci ildə isə bu rəqəm 14 olub.
Qatarlara daş atılması ilə bağlı 2023-cü ildə 28 fakt (2022-ci ildə 11 fakt) qeydə alınıb. Keçən il nəqliyyat vasitələrinin qatarın yoluna qəfil çıxması və sürücülər tərəfindən yol hərəkəti qaydalarının ciddi pozulması nəticəsində 28 toqquşma hadisəsi baş verib, beş nəfər dünyasını dəyişib, 9 nəfər isə xəsarət alıb. 2023-cü ildə insanların qatarların qarşısına qəfil çıxması nəticəsində 16 hadisə (2022-ci ildə 23 hadisə) qeydə alınıb. Baş vermiş hadisə nəticəsində hesabat ilində 9 nəfər (bir il əvvəl 13 nəfər) həyatını itirib.
2023-cü ildə insanların qatarın yoluna qəfil çıxması nəticəsində maşinist tərəfindən 19 dəfə təcili tormozlanma (2022-ci ildə 13 analoji hal) aparılıb. Mal-qaranın qatarların qarşısına çıxması halları 2023-cü ildə ötən ilin eyni dövrü ilə müqayisədə 15 fakt artıb, 39 fakt qeydə alınıb”.
Könül Cəfərli