Sumqayıtda törədilən qətlin təfərrüatı məlum olub - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda törədilən qətlin təfərrüatı bəlli olub.

“Report”un yerli bürosunun əldə etdiyi məlumata görə, öldürülən şəxs Həsənalı Piriyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Onun Seymur Qasımova 300 manat borcu olub. S.Qasımov dəfələrlə ondan borcunu qaytarmasını desə də, H.Piriyev buna məhəl qoymayıb.

Hadisə törədiləndən bir neçə saat öncə Həsənalı Piriyev öz tanışı ilə Seymur Qasımovun yanına gələrək məsələni həll etmək istəyib, lakin söhbət mübahisəyə çevrilib. Nəticədə Seymur Qasımov üzərində gətirdiyi bıçaqla Həsənalı Piriyevə xəsarət yetirib. Yaralı bir neçə addım getdikdən sonra qayınanasının evinin qarşısında müvazinətini itirib və oradaca keçinib.

08:42

Yanvarın 10-da saat 2 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, S.Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam edir.

08:20

Yanvarın 10-də saat 2 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Həsənalı Əli oğlu Piriyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Seymur Şahmar oğlu Quliyev saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

08:12

Sumqayıtda qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə 15-ci məhəllədə 16 saylı yataqxanada qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Həsənalı Əli oğlu Piriyev yaşadığı mənzildə bıçaqlanaraq öldürülüb.

Hadisənin kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

0.10895299911499