Dekabrın 16-26-da Bakıda növbəti dəfə “Böyük Hindistan” adlı hind məhsullarının satış-sərgisi açılacaq.
Sərgidə Hindistanın müxtəlif vilayətlərini təmsil edən fərqli sahələr üzrə ixtisaslaşmış şirkətlər öz istehsalları olan məhsullarını azərbaycanlı alıcılara təqdim edəcəklər.
"Böyük Hindistan" sərgisinin təşkilatçısı, Hindistanın tanınmış AVM Expo İndia şirkətinin prezidenti Aşok Şarma Avrasiya.net-ə açıqlamasında bildirib ki, "Şərq Bazarı" nda açılacaq sözügedən sərgidə Hindistandan gətirilmiş əsasən əl işlərindən ibarət məhsullar təqdim ediləcək.
Eyni zamanda, burada hind mətbəxinin əvəzsiz nümunələrindən sayılan düyü, çay, keyfiyyətinə söz olmayacaq xalis ədviyyatlar, təmiz və keyfiyyətli şərab, bundan əlavə əl işi olan mebellər, geyim nümunələri, qadınlar üçün bəzək əşyaları, suvenirlər və sair sərgilənəcək.
“Hindistan çox böyük əraziyə və çoxçeşidli mədəniyyətlərə malik ölkədir. Sərgidə təxminən 35-40 tanınmış şirkət iştirak edəcək. Bu yerdə qeyd edim ki, şirkətlər ölkəmizin fərqli regionlarını təmsil edir. Məsələn, Racəstxan, Kəşmir, Munbay, Dehli və sair bölgələrindən gələcək şirkətlər belə demək mümkündürsə, hər biri Bakıda öz yerli milli mədəniyyətlərini təqdim edəcəklər ”, - deyib cənab A.Şarma.
Müsahibimiz bildirib ki, əvvəllər də dəfələrlə Azərbaycanda olub, amma bu dəfə təşkilati işlərə məsul şirkət kimi gəlib və ən uzunmüddətli sərgini keçirəcəklər. Ümumiyyətlə, indiyədək Hindistandan xaricdə ticarət işləri məşğul olsalar da, təşkilatçı kimi ilk uzunmüddətli sərgini məhz Bakıda həyata keçirəcəklər. Yaxın gələcəkdə isə, Gürcüstanda, Bolqarıstanda, Afrika ölkələrində və sair bənzər sərgilər keçirmək niyyətləri var.
Söhbət əsnasında sərgiyə çıxarılacaq məhsulların satış qiymətləri ilə də maraqlandıq. A.Şarma deyib ki, maksimum aşağı qiymətlərlə keyfiyyətli mal təklif etmək niyyətindədirlər.
Maraqlıdır, Hindistanın çox böyük ərazisindəki bir-birindən fərqli şirkətləri Azərbaycana gətirmək üçün necə toplayırlar? Cənab Şarma deyib ki, Hindistanda bununla bağlı reklamlar yayımlanır. Sərgidən xəbər tutan, ölkənin harasında fəaliyyət göstərməsindən asılı olmayaraq istənilən şirkət əgər iştirak etmək istəyirsə, bunu rəsmi şəkildə təşkilatçıya bildirir və qeydiyyata düşür. Bu zaman həmin şirkətlər Bakıya hansı məhsullarla gəlmək istədiklərini də mütləq qeyd edirlər.
A.Şarma onu da qeyd edib ki, ilk sərgi Bakıda açılsa da, gələcəkdə bu tədbiri Azərbaycanın bölgələrinə də daşımaq fikirləri var. Məsələn, ölkənin ikinci iri şəhəri olan Gəncədə, hətta Qəbələdə satış-sərgisi təşkil etmək istəyirlər.