İnanıram ki, yaxın zamanda Tofiq Yaqubluya verilən qərar dəyişəcək və o, azadlıqda olacaq-ALDP sədri

Müsavat Partiyasının həbsdə olan funksioneri Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir. Çoxları T.Yaqublunun səhhətindən narahatlığını ifadə etsə də, bu aclıq aksiyasından istifadə etməyə, dividentlər götürməyə çalışan qüvvələr də formalaşıb. 

Bu qüvvələrin davranışları, fikirləri açıq göstərir ki, onlar T.Yaqublunun aclığı dayandırmasını istəmirlər. Bir növ onun həyatı üzərindən siyasi oyunlar quraraq, hakimiyyətin üzərinə gedirlər. Təsadüfi deyil ki, T.Yaqublunu xahiş edib çalışdığı xəstəxanaya - "City Hosbital"a gətirən Adil Qeybulla bu qüvvələrin əsas ittiham hədəfinə çevrilib. Həkim barəsində elə müdhiş iddialar irəli sürürlər ki, hər kəs şoka düşür. Məsələn, onlar belə görüntü yaratmağa çalışırlar ki, A.Qeybulla hakimiyyətin sifarişi ilə müraciət hazırlayıb və bunun əsasında Müsavat funksionerini xəstəxanaya gətirib ki, komaya salsın. Görünən odur ki, T.Yaqublunun həyatı üzərindən oyunlar oynayıb dividentlər qazanmağa çalışanlar bu “şansı” onların əllərindən A.Qeybullanın aldığını görüb, bütün yollara əl atırlar ki, ona zərbə vursunlar...

Bütün bunlardan çıxış edərək demək olar ki, bu insanlar aksiya sonunda ölüm olmasını belə bəlkə də arzulayırlar. Çünki bundan istifadə edib, aylarla kampaniya apara bilərlər, danışmağa sözləri olar, hakimiyyətin üzərinə getməyə şansları yaranar...

ALDP rəhbəri Fuad Əliyev bunu bildirdi: “Çox təəssüf ki, illər boyu kiminsə ölümündən, siyasi məhbuslardan, kimlərinsə həbslərindən siyasi divident qazananlar olub. Mən də onun tərəfdarıyam ki, qanunsuz həbs olunanların hüquqlarını müdafiə etməliyik, həbsdə olanlara dəstək verməliyik. Amma ölüm aclığı aksiyasını keçirən kim olursa-olsun, şəxsən mən heç vaxt dəstək verə bilmərəm. Əksinə, onu bu yoldan çəkindirərəm. Amma bunlar əksinə, onu bu yoldan çəkindirmək əvəzinə, daha da vəziyyəti gərginləşdirirlər. Bunların əsas məqsədi anti-Azərbaycan təbliğatı aparmaqdır. Xaricdə məskunlaşan, milli hisslərini itirənlərin çoxundan istifadə etməklə dövlət və dövlətçiliyimizə qarşı çıxışlar edirlər. Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir. Bunlar istəyirlər ki, Tofiq Yaqubluya nəsə olsun, məsuliyyətin birbaşa dövlət başçısının üzərinə düşdüyünü bar-bar bağırsınlar. Bunlara Tofiq Yaqublunun sağ qalması yox, ölümü lazımdır. Ona görə lazımdır ki, bundan ”şou" düzəltsinlər. Fürsətdən istifadə edib, Tofiq Yaqublunun ailə üzvləinə müraciət edirəm ki, onu bu ölüm aclığı aksiyasından çəkindirsinlər. Onun həbsi qeyri-qanunidir. İnanıram ki, yaxın zamanda Tofiq Yaqubluya verilən qərar dəyişəcək və o, azadlıqda olacaq".

 

 

0.1119019985199