Hər bir partiyanın qərarına hörmətlə yanaşmışıq - ALDP sədri

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "525"-ci qəzetin "Siyasi dialoq" rubrikasının qonağı olaraq, geniş müsahibə verib. Müsahibənin II hissəsini təqdim edirik.

 

- Bilirsiniz ki, iki partiya - AXCP və Müsavat dialoqda iştirakdan imtina edib. Onların imtina səbəbləri nə dərəcədə əsaslıdır? Sizcə, imtinadansa, danışmaq, müzakirə aparmaq cəmiyyət üçün daha faydalı ola bilərdimi?

- ALDP həmişə dialoq tərəfdarı olub. Heç vaxt destruktiv mövqe nümayiş etdirməyib. Hakimiyyətin fəaliyyətini tənqid də etmişik, milli və dövlətçilik maraqları naminə həyata keçirdiyi islahatları təqdir də etmişik. Bütün seçkilərdə də iştirak etmişik. Heç vaxt boykot tərəfdarı olmamışıq. Seçkiləri boykot edən təşkilatlara da tövsiyəmiz bu olub ki, seçkidə iştirak edib, güclərini sınasınlar. Məğlub olmaq partiyaya utanc gətirməz, azından öz gücünü sınayar, təcrübə toplayar. Hər bir partiyanın da qərarına hörmətlə yanaşmışıq. Çalışmışıq ki, anlaşılmazlıqlar, problemlər danışıqlar vasitəsilə öz həllini tapsın. Adını çəkdiyiniz partiyaların da qərarlarına hörmətlə yanaşmışıq. Amma AXCP və Müsavat dialoqdan imtina etməməliydilər. Əgər onları hansısa problem və məsələ narahat edirsə, gəlib fikir və təkliflərini dialoq vasitəsilə səsləndirə bilərlər. Onu da bildirim ki, Prezident Administrasiyasının şöbə müdirinin müxalifət partiya rəhbərləri ilə görüşündən sonra radikal müxalifət düşərgəsində narahatlıq baş qaldırdı. Milli Şura adlanan qurum rəsmiləri hətta bizi satqınlıqda belə ittiham etdilər. Bilirsiniz, o adam sağlam fikir söyləyə bilər ki, cəmiyyətdə nüfuz sahibi olsun, siyasi fəaliyyəti, keçmişi ləkəli olmasın. Bu gün radikal düşərgədə bütün həyatı çirkab içində olan adamların bizi satqın adlandırmağa mənəvi haqları yoxdur. Hakimiyyətlə dialoqa getmək satqınlıq deməkdirmi? Biz onlar kimi xarici qüvvələrə satılmamışıq, öz dövlətimizə, Azərbaycanın inkişafına, demokratikləşməsinə xidmət etmək üçün fikirlərimizi, təkliflərimizi hakimiyyətə çatdırmaq üçün dialoqa gedirik. Vətəndaşların problemlərinin görüşdə səsləndirilməsi, pensiyaçıların, aztəminatlı ailələrin problemlərini, uşaq pulunun verilməsi və digər sosial problemlərlə bağlı görüşlərdə fikir mübadiləsi aparmışıq. Məgər, bu, satqınlıqdır? Hansı partiya rəhbərinin sözü, narazılığı varsa, gəlib dialoqda iştirak etsin, fikrini bildirsin, Prezident Administrasiyasının qapıları onun üzünə açıqdır. Radikal müxalifətin bəzi fiqurları iddia edirlər ki, dialoqda iştirak edən müxalifət partiya rəhbərləri öz şəxsi problemlərinin həllinə çalışırlar. Buna inanmıram. Şəxsən mən, dediyim kimi, Prezident Administrasiyasının rəsmisi ilə görüşdə heç bir şəxsi problemdən söz açmadım. Dövlət qeydiyyatına alınan, qərargahla təmin olunan, prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən, güclü beynəlxaq əlaqələrə malik olan bir partiyaya rəhbərlik edirəm. Hakimiyyətdən başqa istəyim nə ola bilər ki? Axı dialoq şəxsi problemlərin çözülməsi üçün deyil, siyasi münasibətlərin sağlamlaşması, qurulması üçün atılan addımdır. Bunu dərk etmək istəməyənlər, hakimiyyətlə dialoqa gedən siyasi qüvvəyə çamur atmağa çalışır. Milli maraqlar deyil, şəxsi maraqları düşünənlər belə fikir söyləyə bilərlər.

- Bu gün iqtidar-müxalifət münasibətlərinin sivilləşməyə doğru getdiyini söyləmək mümkündür?

- Atılan ilk addımlar bunu deməyə əsas verir. Əgər bu, davamlı olarsa və hakimiyyət partiya rəhbərlərinin əsaslı fikir və təkliflərini qəbul edərsə. Digər tərəfdən, hakimiyyət-müxalifət münasibətlərindən əgər həm iqtidar, həm də müxalifət nəsə qazanırsa, bundan ümumilikdə xalq qazanmış olur. Dialoq münasibətlərin sivilləşməsinə xidmət edir. Hakimiyyətlə aramızda olan dialoq cəmiyyətdə konstruktivliyə xidmət edir, Azərbaycanın dövlət və milli maraqlarına cavab verir. Bütün bunlar tərəflər arasında münasibətlərin normallaşmasına xidmət edəcək bir amildir. 

- Dialoq prosesinin inkişafını necə görürsünüz?

- Bu, hakimiyyətdən asılıdır. Amma həyata keçirilən proses məndə inam yaradır ki, hakimiyyət müxalifətlə dialoqa böyük əhəmiyyət verir. Ədalət Vəliyevin hətta qeydiyyatdan keçməyən partiya rəhbərləri ilə görüşməsi məsələnin ciddi olduğunu deməyə əsas verir. Hətta bir partiya rəhbəri ilə bir neçə dəfə görüşməsi hakimiyyət rəhbərliyinin müxalifətin fəaliyyətinə önəm verdiyinin göstəricisidir. Dialoq prosesi müvəqqəti xarakter almamalıdır. Milli maraqlarımız üçün hakimiyyətlə dialoqa hazır olmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həllində isə hakimiyyətin yanında olmalıyıq. Milli məsələlərdə müxalifətçilik etmək düzgün seçim deyil.

- Fuad bəy, bu prosesdən Azərbaycan cəmiyyətinin qazancı nə olacaq?

- Nəzərə alsaq ki, siyasi münasibətlər sisteminin digər elementi siyasi partiyalardır, o zaman siyasi partiyalar cəmiyyətin müəyyən bir sosial təbəqəsinin maraqlarını ifadə edən, eyni zamanda, mənafeyini müdafiə edən və həmçinin, hakimiyyət uğrunda mübarizə aparan təşkilatdır. Ölkədə siyasi mühit sağlamlaşarsa, siyasi münasibətlər sistemində demokratiya yaranarsa, siyasi islahatlar həyata keçirilərsə, bundan daha çox cəmiyyət qazanmış olacaq.

Müsahibənin I hissəsi burda.

0.1092381477356