"Zəngin milli adət-ənənlərimiz gənc nəslə yüksək səviyyədə təlqin edilməlidir"

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan  özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", - deyib.

Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur. Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Azərbaycanın milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülmüşdür. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli dəyərlərinin qorunmasına, mədəniyyətinin inkişafına, adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Ulu öndər gənclərimizi xalqımızın milli dəyərləri, əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. O deyirdi: “Biz öz adət-ənənələrimizi, milli-əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalı, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər çıxışlarının birində onu da xüsusi olaraq vurğulayırdı ki, “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni var”.

O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.

Milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə  əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək ta qədim dövrlərdən indiyə kimi yaşaya-yaşaya gəlib çıxıb. Azərbaycan cəmiyyətində xalqın özünəməxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət, azərbaycançılıq haqqında etiketlər yaranıb.

Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur. Bu həqiqətdir ki, bir toplumun varlığının qorunub  saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən  milli-mənəvi dəyərlərini qoruyub saxlanması lazımdır. Amma təəssüflər olsun ki, 21-ci əsrdə qloballaşma dediyimiz proses müxtəlif xalqların milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə təcavüz edir və onu məhv etməyə, sıradan çıxarmağa çalışır. Bəs biz necə, öz  milli-mənəvi dəyərlərimizi qoruya bilirikmi? Qloballaşma, müasirləşmə, urbanizasiya dəyərlərin yox olması deməkdirmi? 

Bu gün  Azərbaycan  gəncliyinin milli-mənəvi dəyərlərə yönələn hissəsi çox olduğu kimi, bu  dəyərlərə biganə olan və qismən kosmopolitləşən hissəsi də kifayət qədər çoxalıb. Bunun isə özlüyündə  müxtəlif səbəbləri var. Gənclərimizin xarici ölkələrdə təhsil alması, Qərb düşüncəsinin, Qərb şüurunun Azərbaycan gerçəkliyinə təsir göstərməsi mühüm faktorlar sırasındadır.

Bu gün  Qərb texniki cəhətdən inkişaf etsə də, mənəvi cəhətdən onların  əxlaqi dəyər anlayışı bizimki qədər mükəmməl deyil. Bu əxlaqı yaratmaq, onu bir millətdə formalaşdırmaq üçün yüz illər lazımdır. Niyə biz xalqımızın belə gözəl və mükəmməl əxlaqını digər xalqların barbarlığı xatırladan həmin mənəvi dəyərlərinə qurban verək?

Ümumilikdə dünyada gedən qloballaşma prosesi və informasiya əsrinə daxil olmaq milli- mənəvi dəyərlərimizin bir qədər itirilməsinə səbəb oldu. Milli-mənəvi dəyərləri qorumaq bu gün əslində heç də asan deyil. Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var. İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə  dünyaya inteqrasiya gənclərin psixologiyasına təsir edən mühüm  amillər sırasındadır. İnsanlar arasındakı gərginlik və stress də təsir edən faktorlar qisminə aid olunur. Bu isə istər milli-mənəvi, istər ailə dəyərlərinin itməsinə öz təsirini göstərir. Milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır.

Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir.  Düşmən zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Gənclərin vəzifələrindən biri bu gözəl ənənələrə sadiq qalmalarıdır. Amma təəssüflər olsun ki, çox zaman belə olmur.

Ötən ilin rəsmi statistikasına nəzər yetirək - 56,314 min nikah (2020-ci illə müqayisədə artım 59,3%) və 17,191 min boşanma halı (artım 17,5%) qeydə alınıb. Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb. Özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub. Əvvəlki illərlə müqayisədə Azərbaycanda narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2020-ci ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2021-ci ildə ölkədə qeydə alınmış 31131 cinayət hadisəsinin 8571-i və ya 27,5 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, bu da 2020-ci ilin göstəricisindən 1,6 dəfə çoxdur. Bundan başqa ailə-məişət zəmində şiddətlərin, erkən nigahların, evdən qaçmaların, narkotik alverçilərinin, məktəblilər arasında tütündən istifadə, yetkinlik yaşına çatmayan qızların ana olmaları və s. cinayətlərin sayında da artım müşahidə olunub...

Bütün bunlar gənclərimiz arasında milli mənəvi dəyərlərimizlə bağlı maarifləndirmənin zəif aparılmasının göstəricisidir. Milli-mənəvi dəyərlərindən uzaq olan şəxs heç vaxt dövlətinə, xalqına, ailəsinə, ətrafına yararlı vətəndaş ola bilməz...O ancaq pis vərdişlərin aludəçisinə çevrilə bilər ki, bu da təkcə özünün yox, bütünlükdə cəmiyyətin faciəsi deməkdir... Ona görə də, zəngin milli adət-ənənlərimiz gənc nəslə yüksək səviyyədə təlqin edilməlidir. Onlar tariximizi, dilimizi, dinimizi, adət-ənələrimizi, milli-mənəvi dəyərlərimiz sisteminə yiyələnməlidirlər.

Şuşada keçirilən Dünya Azərbaycanlılarının beşinciu qurultayında Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə diqqət ayırdı: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.

Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir.

Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.

...Dünyada gedən qloballaşma prosesi bizə öz mədəniyyətimizi, adət-ənənələrimizi daha geniş miqyasda təbliğ etmək, qorumaq, gələcək nəsillərə çatdırmaq kimi çox mühüm vəzifə qoyub. Biz bu şərəfli vəzifənin öhdəsindən ləyaqətlə gəlməliyik.

Rüstəm Cəfərov

Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb

0.060148000717163