Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyəti sentyabrın 12-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatla əlaqədar bəyanat ünvanlayıb.
Bəyanatda deyilir:
12 sentyabr 2022-ci ildə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə, Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Azərbaycan ordusunun Ermənistanın təxribatla cavab verməsi ilk dəfə deyil. Ermənistan yenədə müxtəlif bəhanələrlə üçtərəfli bəyanatı və Brüsseldə əldə edilmiş razılıqlara zidd addımlar atırlar. Bununla belə, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmasını uzadaraq, sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirlər. Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq gördüyü əks-tədbirlər lokal xarakter daşıyıb və hərbi hədəflərə qarşı yönəlib.
ALDP bəyan edir ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
ALDP bir daha beynəlxalq təşkilatlara, aparıcı qurumlara müraciət edərək dünya birliyindən bu kimi halların bir daha baş verməməsi üçün beynəlxalq hüquq müstəvisində əməli addımların atılmasını, eyni zamanda Ermənistan tərəfinin revanşizm ideyalarına son qoyulmasını tələb edirik.
ALDP Azərbaycan ictimayətini, xaricdə yaşayan soydaşlarımıza müraciət edərək, Ali Baş Kamandanın və Azərbaycan ordusunun yanında olmasına və dəstək etməsinə çağırır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Allah əsgərlərimizi qorusun!